AZ

Novruzəli Aslanov: “Azərbaycan Prezidentinin etibarlı və qətiyyətli siyasi lider olduğunu bütün dünya birmənalı qəbul edir”



“2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişdir. Seçkilərdə seçici fəallığı 76,43 faiz olmuşdur. Cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin fəaliyyətindən bəhs olunarkən ilk növbədə Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə olunmuş parlaq tarixi Qələbə və bu qələbədən doğan möhtəşəm nəticələr xüsusi qeyd olunmalıdır: “Dövlət başçımızın gələcəyə xidmət edən strategiyası sayəsində bu gün təkcə Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqazın beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Əlbəttə ki, parlaq qələbələrimizdən daha biri kimi 2023-cü ilin sentyabr ayında keçirilmiş bir günlük antiterror əməliyyatının nəticələri göstərilməlidir. Bu tədbir nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bğrpa etmiş oldu. 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldıran Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətlə etdiyi çıxışında bu sözləri dedi: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq”. Bu gün artıq bütün dünya Azərbaycan Prezidentinin hər bir vədinə mütləq əməl edən qətiyyətli bir siyasi lider olduğunu bilir.”

Daha sonra N.Aslanov bu gün Azərbaycanın artıq bütün dünyada islahatlar ölkəsi və tolerantlıq məkanı olaraq qəbul edildiyini vurğulayıb: “Təxminən bir il öncə Bakıda öz işini başa çatdırmış BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) möhtəşəm nəticələri bütün dünyanı heyrətləndirdi. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyev bu tədbirin ən yüksək səviyyədə keçirildiyini vurğulayaraq Bakı COP tədbirinin ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcəyini xüsusi qeyd edib. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək tərəflər arasında danışıqların qərəzsiz aparılması üçün bütün imkanları ən yüksək səviyyədə təqdim edə bildi. Dövlət başçımızın təşəbbüsü və səyləri ilə bütün proses boyunca Azərbaycan ilk növbədə inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırışlar etdi. Nəticə etibarı ilə COP29 Azərbaycanın durmadan artan beynəlxalq nüfuzunun, qlobal arenada getdikcə möhkəmlənən mövqelərinin daha bir nümayişi oldu. Bu mötəbər tədbirə ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi bizim ölkəyə beynəlxalq aləmdə göstərilən böyük hörmətin əlamətidir və ölkəmizin fəal rolunun yüksək qiymətləndirilməsi deməkdir. Bütün bu uğurların əsasında isə cənab Prezident İlham Əliyevin beynəlxalq aləmdə sahib olduğu yüksək şəxsi nüfuzu, dövlət başçımızın məqsədyönlü fəaliyyəti və həyata keçirdiyi praqmatik müstəqil siyasət kursu durur. Sonda mən böyük minnətdarlıq hissi ilə belə bir məqamı da qeyd etmək istərdim ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev də hər zaman Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə diqqət və qayğı ilə yanaşmışdır. Xüsusilə qeyd etmək istərdim ki, cənab İlham Əliyevin prezident kimi fəaliyyətə başladığı ilk aylarda verdiyi qərarlardan biri "Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında" 31 yanvar 2004-cü il tarixli sərəncamı olmuşdur. 2007-ci ildə isə Milli Məclis tərəfindən "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" qanunun qəbulu cəmiyyətin statusunun, hüquqlarının və fəaliyyət istiqamətlərinin, dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdi. Bu qanunun qəbulu da məhz cənab Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü nəticəsində mümkün olmuşdur” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Seçilən
40
aia.az

1Mənbələr