BAKI, 20 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) onun Florida ştatındakı Mar-a-Laqo iqamətgahında apardığı axtarışa görə ABŞ hökuməti adından özünə 1 milyard dollar məbləğində təzminat ödəyə biləcəyini istisna etməyib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Şimali Karolina ştatının Roki-Maunt şəhərində çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, yaranmış vəziyyət ABŞ tarixində misli görünməmiş haldır.
“Bilirsiniz, mən iddia qaldırmışam və işi uduram. Amma bir problem var: bu iddianı məhz mən özüm həll etməliyəm. Yəni iddianı mən qaldırıram və onu yenə də mən həll edirəm. Bəlkə də özümə 1 milyard dollar verim və hamısını xeyriyyə fondlarına ayırım. Məntiqlidir, elə deyilmi?” - deyə Tramp bildirib.
Tramp əlavə edib ki, ABŞ-yə qarşı iddia qaldıran Tramp sonradan prezident olub və indi həmin iddianın taleyini yenə özü müəyyənləşdirməlidir. Tramp zarafatla qeyd edib ki, bəzi insanlar pulu özündə saxlamasını məsləhət görsə də, o bunu istəmir və bu vəsait xeyriyyə məqsədlərinə yönəldiləcəyini qeyd edib.
“Bu, qəribə vəziyyət deyilmi? Mən özümlə danışıqlar aparmalıyam”, - deyə ABŞ prezidenti bildirib.
O bildirib ki, bu vəsait xeyriyyə məqsədlərinə yönəldiləcək.