Rusiyanın "kölgə donanmasında" aid bir neft tankeri Aralıq dənizində ilk dəfə hücuma məruz qalıb. Ukrayna ərazisindən 2000 kilometrdən çox məsafədə, neytral sularda həyata keçirilən hücum, müharibənin Qara dənizdən kənara çıxdığını göstərən ilk qeydə alınmış əməliyyatdır.
Ukrayna Təhlükəsizlik Xidməti mənbələrinin məlumatına görə, hücumun hədəfi “Qendil” adlı xam neft daşıyan tanker olub. Bildirilib ki, dronlar birbaşa gəmiyə dəyib və ciddi ziyan vurub. Hücum zamanı gəminin yük daşımadığı məlum olub.
Ukrayna tərəfi Rusiyanın sanksiyaları aşmaq və müharibəni maliyyələşdirmək üçün bu tankerdən istifadə etdiyini iddia edir. Onlara görə, məhz bu səbəbdən gəmi həm hərbi, həm də hüquqi baxımdan qanuni hədəf hesab olunur. Əməliyyat Ukrayna Hərbi Dəniz Qüvvələri və hərbi əks-kəşfiyyat bölmələri ilə birgə həyata keçirilib.
Rusiyaya yaxın bəzi mənbələr hücumda ölənlərin və yaralıların olduğunu iddia edib. Lakin bu iddialar Ukrayna tərəfindən təsdiqlənməyib.
Bu hücum son həftələrdə Qara dənizdə iki Rusiya tankeri “Kairos” və “Virat”a edilən hücumlardan sonra baş verib. 2022-ci ildən bəri Rusiya mülkiyyəti gizli qalan yüzlərlə gəmidən ibarət “kölgə donanması” vasitəsilə neft nəql edir.
Ukraynanın Aralıq dənizindəki bu hücumu müharibənin coğrafi ərazisinin genişləndiyini və neytral sularda hərbi fəaliyyətin beynəlxalq səviyyədə yeni bir gərginlik mənbəyi kimi ortaya çıxdığını göstərir.
TAHİR