Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin bu günlərdə hərbçilərlə görüşündə Avropa liderlərinə xitabən “podsvinki” sözünü işlədib. Ruscadan tərcümədə bu, “çoşqa”, yəni donuz balası deməkdir. Amerikalı ekspert Stiv Qatterman Putinin niyə belə küçə sözləri işlətməsinin səbəblərindən yazır.
O xatırladır ki, 1999-cu ildə Putin çeçen separatçılarına xitabən “terrorçuları ayaqyolunda islatmaq” vədi verib: “Putin Qərbə, dünyaya, Rusiya xalqına mesajlarını çatdırmaq üçün küçə jarqonundan, aşağılayıcı dildən tez-tez yararlanır. Onun son dedikləri isə, güman ki, həm Rusiyada, həm başqa yerlərdə izləyicilərə hesablanıb. Onun sözlərinin Qərb liderlərinə şapalaq kimi qəbul olunacağını düşünüb. Moskva Ukraynada işğalçı müharibə apardığı bir vaxtda elə Rusiya dövlət televiziyası Qərb liderlərini qaralamaqla məşğuldur. Amma bu hələ hamısı deyil. Putin çıxışında ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsi ilə bağlı dediklərini yada salıb. Trampın təbirincə, 2022-ci ilin fevralında Co Bayden deyil, o prezident olsaydı, Moskva tammiqyaslı işğala başlamazdı. Putin bir daha vurğulayıb ki, Tramp dediklərində haqlı ola bilər. O iddia edib ki, Bayden administrasiyası müharibəni bilərəkdən qızışdırıb: “Məncə, niyəsi ayındır: hamı inanırdı ki, qısa vaxtda Rusiyanı dağıdacaqlar, avropalı çoşqalar isə dərhal keçmiş Amerika administrasiyasına qoşuldular, ölkəmizin çökməsindən qazanc götürəcəklərinə ümid etdilər”. Putin 20 ildən çoxdur Qərbi Rusiyanı parçalamaq niyyətində ittiham edir. 2004-cü ildə Beslanda məktəbdə girov götürmə əməliyyatı azı 330 nəfərin ölümü ilə nəticələnmişdi. Onda Putin deyirdi ki, Qərb ölkələri Rusiyanı zəiflətməkdən ötrü silahlılara kömək edir. Qərb liderlərinin çoxu bu iddianı əsassız sayır. Bu dəfə isə Putinin “çoşqa” ritorikası təkcə həmin iddianın təkrarlanması deyil. Birincisi, Putin ABŞ ilə Ukraynanın Avropadakı dəstəkçiləri arasında narazılıq toxumu səpməyə çalışır. Həm də Trampın sülh sazişinə nail olmaq üçün səyləri artırdığı bir vaxtda. Ötən ay tənqidçilər ABŞ-dən gələn təklifin Rusiyanın xeyrinə olduğunu deyiblər. Britaniya, Fransa və Almaniya daxil, Avropa ölkələri potensial sazişin Ukraynaya uyğun olması üçün ona dəyişikliklər etməyə Kiyevə kömək göstəriblər. Putinin işlətdiyi söz təkcə “bala donuz” demək deyil. “Çoşqa” həm də itaətkarlıq, əlaltı olmaq anlamındadır. Axı Rusiya Aİ və NATO ölkələrini öz ağaları olmamaqda, ABŞ-nin təsiri altında olmaqda suçlayır. Bu dəfə isə Putin həmin ölkələrin Bayden administrasiyasına itaət etdiyini demək istəyir”.
S.Qatterman qeyd edir ki, Putin həm də Avropanın özündə bölücülüyü dərinləşdirmək istəyə bilər: “Özəlliklə də Avropa İttifaqının, Britaniyanın Ukraynanı dəstəkləməsi, Rusiyaya təzyiq göstərməsi məsələsində. Putin Aİ sammitindən bir gün öncə danışıb. Sammitdə Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kredit vermək məsələsini razılaşdıra bilməyiblər. Putin çıxışında onu da deyib ki, təklif olunan hər hansı sülh sazişi Moskvanın tələblərinə cavab verməsə, Rusiya Ukrayna ərazisindən özünün saydığı hissələri alacaq. Beləliklə, Putinin “çoşqa” həcvinin daha bir məqsədi də qabaqdangəlmişlik idi –sülh danışıqları alınmayacağı, yaxud Kremlin istədiyi sazişin ərsəyə gəlməyəcəyi halda, Avropanı öncədən günahlandırmaq”. Bu fonda ABŞ prezidenti Donald Tramp bldirib ki, Ukraynada müharibəni bitirməyi hədəfləyən danışıqlar hansısa nəticəyə yaxınlaşır. ABŞ-da bu kontekstdə Rusiya təmsilçiləri ilə görüş gözlənilir. Tramp Oval ofisdə onu da deyib ki, Ukraynanın sürətlə davranacağına ümid edir: “Hər dəfə ukraynalılar çox yubananda Rusiya fikrini dəyişir. Mən dəfələrlə demişəm ki, səkkiz müharibəni həll etmişəm. Düşmənçilik və nifrət səbəbindən Ukraynada bunu etmək düşündüyümüzdən daha çətin oldu, lakin hələ də şansımız var, bəlkə də yaxın zamanda razılaşma əldə olunar. Ukrayna nizamlama məsələsində tələsməlidir. Kiyev sülh prosesində ləng davranır”. Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşner Mayamidə Rusiya nümayəndə heyəti ilə görüşməlidir. Qərb Rusiya ilə Ukrayna arasında münaqişənin dayandırılması üçün razılaşma əldə etməyə çalışır. Dekabrın 14-15-də Uitkoffla Kuşner Berlində Ukrayna nümayəndə heyəti ilə görüşüblər. ABŞ təmsilçilərinin sözlərinə görə, onlarda elə bir təəssürat yaranıb ki, tərəflər razılaşmadan o qədər də uzaq deyillər, amma ən kəskin məsələ – Ukrayna ərazisinin bir hissəsinə nəzarətlə bağlı Rusiyanın tələbi həll edilməmiş qalır. Fransa prezidenti Emmanuel Makron isə deyir ki, Rusiya prezidenti Vladimir Putinlə yenidən əlaqə yaratmağın Avropa üçün faydalı olacağına inanır: “İnanıram ki, bu müzakirəni yenidən aparmaq üçün düzgün çərçivə tapmaq avropalılar kimi bizim və ukraynalıların marağındadır”. Onun sözlərinə görə, avropalılar gələn həftələrdə bunu gerçəkləşdirməyin yolunu tapmalıdırlar. Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva Vaşinqtonla əlaqəyə hazırlaşır, avropalılar və Ukrayna təmsilçiləri ilə danışıqlardan sonra Amerikanın sülh planının nə qədər dəyişdiyini anlamaq istəyir.
Samirə SƏFƏROVA