19 dekabr 2025-ci il tarixində "Naxtel" MMC-nin fəaliyyətinin dayandırılması və abunəçilərin digər mobil operatorlara miqrasiyası uğurla başa çatdırılıb.
Publika.az xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu genişmiqyaslı layihə Azərbaycan telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və bazar iştirakçılarının səmərəli əməkdaşlığı nəticəsində abunəçi məmnuniyyəti prinsipi əsasında həyata keçirilib.
Layihə çərçivəsində İKTA, "Naxtel", yeni abunəçiləri qəbul edən mobil operatorlar "Azercell" MMC, "Bakcell" MMC və "Azerfon" MMC, həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzInTelecom" MMC vahid əməliyyat komandası kimi fəaliyyət göstərərək texniki sistemlərin uyğunlaşdırılması və şəbəkələrarası inteqrasiyanın təmin edilməsi üçün zəruri tədbirlər həyata keçiriblər. İKTA tərəfindən iştirakçılar arasında fasiləsiz kommunikasiya və operativ qərarvermə mexanizmi təmin olunub.
105 mindən çox "Naxtel" abunəçisinin digər mobil operatorların şəbəkələrinə keçidi müvəffəqiyyətlə həyata keçirilib və bu prosesin 15.01.2026-ci il tarixindək davam etdirilməsi planlaşdırılıb. Bu proses çərçivəsində abunəçilərin istifadəsində olan "060" prefiksli mobil nömrələr tam şəkildə qorunub saxlanılıb. Bu yanaşma abunəçilərin nömrə tanınmasının və gündəlik rabitə vərdişlərinin qorunmasına hədəflənib.