AZ

Bakı məhkəməsi Ruben Vardanyanın əsas cinayətini sübuta yetirdi...


Akif Nağı: “Terror qruplarını maliyyələşdirən bir adam ömürlük həbsdə qalmalıdır, ona heç bir güzəşt edilməməlidir”

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesində baş prokurorun böyük köməkçisi Vüsal Əliyev çıxışında deyib ki, Vardanyan Ruben Karlenoviçin təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

O bildirib ki, bir ilə yaxın müddət ərzində çoxsaylı məhkəmə iclasları keçirilib, sənədlər və sübutlar tədqiq edilib, zərərçəkmiş şəxslər və şahidlər dindirilib. Prokuror R.Vardanyanın Xankəndi şəhərində yerləşmiş ofisinə baxış keçirilməsi barədə 26.10.2023-cü il tarixli baxış protokolu, əməliyyat məlumatları və digər sənədlərə istinad edərək bildirib: “Həmin sənədlərlə təsdiq edilib ki, təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının əvvəllərində cinayətkar birliyə qoşulub”.

Dövlət ittihamını müdafiə edən prokuror çıxışında R.Vardanyanın Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak etmiş “VoMa” adlı terror təşkilatının yaradıcısı Vartanov Vladimir (Vova) Levanoviçlə (Levani) əlaqələrindən, “WhatsApp” mobil tətbiqi vasitəsilə danışıqlarından də bəhs edib. Qeyd edilib ki, “VoMa” 2013-cü il yanvarın 11-də təsis edilib, Ermənistan Respublikasında, eləcə də Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş ərazilərində cinayətkar birliyin (təşkilatın) struktur bölməsi kimi mütəşəkkil dəstə şəklində fəaliyyət göstərib.

Keçirilmiş əməliyyat tədbirləri zamanı V.Vartanovun mütəmadi əlaqə saxladığı R.Vardanyanla “VoMa” terror təşkilatında döyüşçülərin və təlimatçıların hazırlanması, təlimlərin təşkili və bununla da Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan Silahlı Qüvvələrinə qarşı terror aktlarını törətmələri və döyüşlərdə iştirak etmələrinə dair müzakirələr apardıqları, eləcə də bu terrorçu təşkilatın və onların üzvlərinin maliyyələşdirilməsini R.Vardanyanın öz üzərinə götürdüyü müəyyən edilib.

Məhkəmə Vardanyanın cinayətlərini, o cümlədən də “VoMa” terror təşkilatları ilə əlaqələrini sübut edib.

“Məhkəmə bir daha sübut etdi ki, Vardanyanın “VoMa” terror təşkilatı ilə...”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Vardanyanla bağlı ədalətli, düzgün, obyektiv təhqiqat işləri aparılıb, şahidlər dindirilib, faktlar ortaya qoyulub, bunların qarşısınında da onun deməyə sözü olmayıb: “Bütün məhkəmə boyu danışmaqdan da imtina etdi. Özünü sanki “xüsusi bir vəziyyətdə” hiss etmək istəyirdi. Çünki müəyyən beynəlxalq qurumlar tərəfindən müdafiə olunurdu, onun haqda bəyanatlar verilir, aksiyalar keçirilirdi. Bu da onun pulu hesabına idi. Ailə üzvləri pul xərcləyirdilər, pul gücünə onun müdafiəsini təşkil etməyə çalışırdılar. Azərbaycan hakimiyyətinə müraciətlər olurdu, təsir etməyə çalışırdılar. Varanyanın həbsinə xüsusi yanaşılırdı. Azərbaycanın hüquq-mühafizə orqanları onun cinayət işləri ilə bağlı detallı araşdırmalar apardı, bütün müracətləri nəzərdən keçirdi. Vardanyan çalışırdı ki, canını qurtarsın, oyunlar oynayırdı. Azərbaycan məhkəməsi onun oyunlarını pozdu. Vardanyanın erməni terror təşkilatları ilə əlaqəsinin olması təəccüblü deyil. “VoMa” təşkilatının da Azərbaycana münasibəti məlumdur. Bu terror təşkilatının terror aktları, təxribatlar törətməsi ilə bağlı faktlar var. Məhkəmə bir daha sübut etdi ki, Vardanyanın “VoMa” terror təşkilatı ilə yaxın əlaqələri olub, telefon əlaqəsi saxlayıblar. Yəni görüşləri də olub. Vardanyan “VoMa”nı maliyyələşdirib, onlara dəstək verib. Məhkəmə onun bu cinayətlərdə təqsirli olduğunu sübut edib. Məhkəmədə prokuror Vardanyana ömürlük həbs istəyib, bu da tam ədalətli yanaşmadır”.

A.Nağı bildirdi ki, Vardanyanın Azərbaycan ərazisində həyata keçirdiyi cinayətlər, qanunsuz silahlı dəstələrə, terror qruplarına maliyyə verməsi faktı onunla bağlı heç bir güzəştə gedilməməli olduğunu ortaya qoyur: “Çünki Vardanyan terroru, separatçıları dəstəkləyib, “VoMa” terror dəstəsi də daxil olmaqla terrorçuları maliyyələşdirib, onlara dəstək verib. Terror qruplarını maliyyələşdirən bir adam ömürlük həbsdə qalmalıdır, ona heç bir güzəşt edilməməlidir. O, heç zaman gerçəyi inkar edə bilməz, Azərbaycan ərazisinə qanunsuz yollarla gələrkən də məqsədi terrora dəstək vermək olub, dəstək verib də”.

İradə SARIYEVA

Seçilən
52
baki-xeber.com

1Mənbələr