Bakı, 19 dekabr, AZƏRTAC
Xankəndi şəhərində pərakəndə ticarət sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmənin təşviqi və uçotun dəqiqləşdirilməsi məqsədilə vergiödəyiciləri ilə görüş keçirilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov və baş idarənin əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlərə verilən vergi və gömrük güzəşt və azadolmaları,
vergiödəyiciləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması qaydaları barədə məlumat verilib.
Təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyatı, nəzarət-kassa aparatlarının və POS-terminalların quraşdırılması, işçilərlə əmək müqavilələrinin bağlanılması, vergi hesabatlarının Vergi Məcəlləsində nəzərdə tutulan qaydada və müddətdə vergi orqanına təqdim edilməsinin vacibliyi vergi ödəyicilərinin diqqətinə çatdırılıb.