AZ

Siyasi şərhçi: Müdafiə və milli təhlükəsizlik xərcləri Azərbaycanın strateji üstünlüklərinin qorunmasına xidmət edir

Bakı, 19 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

2026-2029-cu illər üzrə dövlət xərclərinin prioritetləri yalnız fiskal planlama sənədi deyil, eyni zamanda, Azərbaycanın ortamüddətli təhlükəsizlik və inkişaf strategiyasının ifadəsi kimi dəyərləndirilir. Bu yanaşma büdcə siyasətinin regional və qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklərlə uzlaşdırıldığını, mövcud risklərin isə struktur və uzunmüddətli çağırışlar kimi qiymətləndirildiyini göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu bildirib.

Onun sözlərinə görə, müdafiə və milli təhlükəsizlik xərclərinin ön plana çəkilməsi bir neçə strateji məqsədə xidmət edir. “Birincisi, Azərbaycan son illərdə əldə etdiyi siyasi və hərbi üstünlükləri davamlı qorunmalı olan strateji resurslar kimi dəyərləndirir. Beləliklə, üstünlüklərin institusionallaşdırılması büdcə planlaşdırmasının əsas mexanizmlərindən birinə çevrilir. Bu, həm dövlətin suverenliyinin möhkəmləndirilməsini, həm də regional miqyasda ölkənin mövqelərinin güclənməsini əhatə edir”, - deyə Elnur Ənvəroğlu vurğulayıb.

O qeyd edib ki, təhlükəsizlik xərclərinin orta müddətli dövr üçün planlaşdırılması Azərbaycanın situativ reaksiya modelindən sistemli və proqnozlaşdırıla bilən çəkindirmə siyasətinə keçdiyini göstərir. Bu yanaşma daxili institutlar üçün sabitlik yaradır, eyni zamanda, xarici aktorlara aydın və ölçülə bilən mesaj ötürür.

Siyasi şərhçi diqqətə çatdırıb ki, müasir təhlükəsizlik mühitində yalnız hərbi-texniki modernləşmə kifayət deyil. Silah sistemləri, texnologiyalar və döyüş hazırlığı klassik çəkindirmənin əsas dayaqlarıdır. Lakin bu gün təhlükələr təkcə kinetik müstəvidə formalaşmır. İnformasiya, kiber və hibrid münaqişələr şəraitində yüksək texnologiyalı hərbi imkanlar asanlıqla neytrallaşdırıla bilər. Buna görə də hərbi modernləşmə zəruri olsa da, təkbaşına uzunmüddətli sabitliyi təmin etmir.

“Müdafiə sənayesinin inkişafı artıq sırf iqtisadi və ya texniki məsələ deyil, strateji suverenlik məsələsidir. Məsələn, müdafiə sənayesinin inkişafı xarici asılılığı azaldır, sanksiya və geosiyasi risklərə qarşı dayanıqlılığı artırır, eləcə də hərbi modernləşməni davamlı və çevik edir”, - deyə E.Ənvəroğlu qeyd edib

O bildirib ki, 2026-2029-cu illər üçün ən optimal strategiya təhlükəsizliyə kompleks yanaşmanın formalaşdırılmasıdır. Hərbi-texniki modernləşmə və müdafiə sənayesinin gücləndirilməsi ilə paralel olaraq kibertəhlükəsizlik, kritik infrastrukturun qorunması, informasiya təhlükəsizliyi, strateji kommunikasiya, eləcə də regional sabitlik və preventiv diplomatiya kimi əsas komponentləri birləşdirən model Azərbaycanın uzunmüddətli təhlükəsizlik maraqlarına ən səmərəli cavab verə bilər.

Seçilən
96
27
azertag.az

10Mənbələr