Polis Xətai və Nərimanovda təhsil müəssisələrində TƏDBİR KEÇİRİB
Ajans.az xəbər verir ki, tədbirlərdə polis əməkdaşları, Bakı şəhəri Narkoloji Mərkəzin norkoloq həkimi, eləcə də Xəzər Universitetinin psixologiya departamentinin, Xəzər Psixoloji Xidmət Mərkəzinin və Peşəkar Psixoloqlar İctimai Birliyinin psixoloqları iştirak ediblər. Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi polis polkovniki İbrahim İsmayılov çıxış edərək ölkə üzrə bütün təhsil müəssisələrində keçirilən bu tədbirlərin mahiyyətindən danışıb, əsas məqsədin yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların sağlam həyat tərzinə təşviq edilməsi, o cümlədən erkən nikahın fəsadları barədə məlumatlandırılması olduğunu bildirib. Şagirdlərə narkomaniyanın fiziki, psixoloji və ictimai təhlükələri, bu istiqamətdə hüquq-mühafizə orqanları tərəfindən aparılan qətiyyətli mübarizə tədbirləri, həmçinin erkən nikahın təhsildən uzaqlaşma və sosial fəsadlara səbəb olması barədə geniş məlumat verilib. Sonda şagirdlərə sağlam təməlləri olan gələcək qurmaları, zərərli vərdişlərdən uzaq olmaları tövsiyə edilib, onları maraqlandıran suallar cavablandırılıb.
