Əkin yerinin yandırılmasına görə yeni cərimələr müəyyənləşdiriləcək. Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 min manatadək məbləğdə, hüquqi şəxslər 5 min manatdan 6 min manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 5 min manatdan 6 min manatadək məbləğdə cərimə ediləcək.
Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 2 min manatdan 2 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 6 min manatdan 7 min manatadək məbləğdə cərimə ediləcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.