AZ

İstanbul Universitetinin rektoru: Son illər Türkiyənin və Azərbaycanın tibb sahəsi uğurlu inkişaf yolu keçib

Bakı, 19 dekabr, Aytac Haqverdiyeva, Səfiyar Məcnun, AZƏRTAC

Türkiyənin və Azərbaycanın tibb sahəsi son illər olduqca uğurlu inkişaf yolu keçib və birgə əməkdaşlıqla çox müsbət nəticələr əldə edilib. Məqsədimiz səhiyyə sahəsində yeni biliklərin əldə olunması, mövcud elmi nailiyyətlərin təkmilləşdirilməsi və bu biliklərin cəmiyyətin ehtiyaclarına uyğun şəkildə tətbiq edilməsidir.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Türkiyənin İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar deyib.

O qeyd edib ki, son illər səhiyyə sahəsində çox böyük inkişaf müşahidə olunur. Bu inkişaf yalnız müalicəedici həkimliklə məhdudlaşmır. Yəni məqsəd yalnız xəstənin müalicə olunması deyil, eyni zamanda, xəstəliklərin qarşısının alınması və sağlam həyatın təşviqidir:”Səhiyyə anlayışı bütövlükdə ətraf mühit sağlamlığını, yaşayış mühitini, suyun keyfiyyətini, dənizlərin təmizliyini və digər mühüm sahələri də əhatə edir. Buna görə də səhiyyədə hərtərəfli inkişaf təmin olunmalıdır. Müalicəedici həkimlik isə, şübhəsiz ki, çox vacibdir. Xəstə sağalmaq istəyir və bizim borcumuz bu prosesi ən qısa müddətdə effektiv üsullarla həyata keçirməkdir. Bu çərçivədə dərmanlar, müalicə metodları, cərrahi texnikalar, tibbi avadanlıqlar və diaqnostik cihazlar mühüm rol oynayır”.

Rektor vurğulayıb ki, Azərbaycan bu sahələrdə ciddi irəliləyişlər əldə edib və eyni zamanda, çox sayda ixtisaslı mütəxəssis yetişdirib. “Lakin bununla kifayətlənmək olmaz. Tibb elmi sürətlə inkişaf edir və gələcəyə yönəlmiş yeni texnologiyaların istehsalı vacibdir. Fundamental elmlərə ciddi investisiya qoyulmalı, yeni elmi biliklər yaradılmalıdır. Əks halda, hazır bilikləri daha yüksək qiymətə əldə etmək məcburiyyətində qala bilərik. Bu baxımdan gənc mütəxəssislərə tövsiyəm odur ki, tibb elminin sərhədsizliyini dərk etsinlər, fundamental elmlərdən başlayaraq gələcəyə yönəlmiş layihələrdə iştirak etsinlər. Müəllimləri ilə birlikdə çoxmərkəzli, beynəlxalq layihələr həyata keçirsinlər və daim öz üzərlərində çalışsınlər. Ümid edirəm ki, bu fəaliyyətlər həm özləri, həm ailələri, həm də bütün insanlıq üçün faydalı olacaq”,- deyə o vurğulayıb.

Seçilən
80
azertag.az

1Mənbələr