Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğal olunmuş ərazilərində yaşayış məntəqələrinin adlarının SSRİ və Çar Rusiyası dövründə mövcud olmuş adlarla əvəzlənməsi barədə sərəncam imzalayıb.
Putinin bu addımı postsovet ölkələri üçün hansı təhlükədən xəbər verir?
Mövzu ilə bağlı siyasi şərhçi Məhəmməd Əsədullazadə Musavat.com-a danışıb.

Siyasi şərhçinin fikrincə, bu addım Rusiyanın sülh prosesində səmimi olmadığını və Qərbə həmin ərazilərdən geri çəkilməyəcəyinə dair açıq mesajdır:
“Xüsusilə intensiv danışıqlar fonunda bu sərəncamın verilməsi təsadüfi deyil. Bundan əlavə, Rusiya bu qərarla əsas strateji məqsədinin keçmiş Çar Rusiyası dövründə işğal etdiyi əraziləri yenidən bərpa etmək olduğunu nümayiş etdirir. Tarixə nəzər salsaq görərik ki, Çar Rusiyası Azərbaycanı işğal edərkən də eyni siyasəti həyata keçirmiş, yaşayış məntəqələrinin adlarını dəyişdirmişdi. Bu gün Kreml hakimiyyətində olan siyasi təfəkkür XVIII–XIX əsrlərin imperial düşüncəsinin davamıdır”.
Siyasi şərhçi vurğulayıb ki, əgər Rusiya Ukraynada taktiki üstünlük əldə edərsə, növbəti mərhələdə Cənubi Qafqaza ciddi təzyiqlər göstərəcəyi istisna deyil:
“Təsadüfi deyil ki, danışıqlar prosesində ABŞ-la müəyyən ortaq məxrəcə gələn Kreml rəhbərliyi Türkiyəyə məxsus gəmiləri hədəfə alır, eyni zamanda Azərbaycan və Ermənistanı Yekun sülh müqaviləsini Moskvada imzalamağa çağırır. Bununla Rusiya Cənubi Qafqazda zəifləyən geosiyasi mövqelərini yenidən möhkəmləndirməyə çalışır.
Rusiya ABŞ və Avropa arasında fikir ayrılıqları yaratmağa cəhd etsə də, ABŞ-ın Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketi ayırması bu cəhdlərin nəticəsiz qaldığını göstərir. Eyni zamanda Avropa İttifaqı da yeni güc mərkəzi kimi daha həlledici mövqeyə çıxır. Bütün bunlar onu göstərir ki, Rusiya istədiyi qədər beynəlxalq mövqelərini gücləndirə bilməyəcək.
Üstəlik, qonşu dövlətlərə qarşı davam edən aqressiv siyasət Rusiyanın daxilində siyasi və sosial parçalanmanı dərinləşdirə bilər. Onsuz da Rusiya–Ukrayna müharibəsinin nəticələri bir müddət sonra Rusiya cəmiyyətində mənfi təsirlərini açıq şəkildə göstərəcək. XXI əsrdə imperiyanı bərpa etmək məqsədilə atılan hərbi addımlar daxildə ciddi siyasi təlatümlərə və sosial gərginliyə yol açacaq”.