ain.az bildirir, Gununsesi portalına istinadən.
Kremlin ideoloqu kimi tanınan, rusiyalı filosof Aleksandr Dugin deyib ki, uzunmüddətli və genişmiqyaslı hərbi qarşıdurmaya hazırlaşmaq vacibdir.
Ümumiyyətlə, həm də bir müddətdir iddialar edilir ki, bəs AB 2030-cu illərə qədər Rusiya ilə tammiqyaslı müharibəyə hazırlaşır.
Bəs görəsəb, AB-nin 2030-cu illərə qədər Rusiya ilə müharibəyə hazırlaşması iddiaları nə dərəcədə realdır?
Bu hazırlıq faktiki hərbi planlamadır, yoxsa Rusiya tərəfindən yaradılan qorxu narratividir?
Əvvəla, AB-nin 2030-cu illərə qədər Rusiya ilə tammiqyaslı müharibəyə hazırlaşması barədə deyilənlər klassik mənada “müharibə planı” kimi anlaşılmamalıdır. Avropa Birliyi vahid orduya malik deyil və üzv ölkələr arasında təhlükəsizlik məsələlərinə yanaşma ciddi şəkildə fərqlənir. Almaniya, Fransa, Polşa və Baltik ölkələrinin ritorikası ilə, məsələn, Cənubi Avropa ölkələrinin mövqeyi eyni deyil. Bu da göstərir ki, AB daxilində konsensuslu, qaçılmaz müharibə ssenarisi mövcud deyil.
Digər tərəfdən, son illər Avropada müdafiə xərclərinin artması, silahlanma, ehtiyatların yenilənməsi və hərbi sənayenin dirçəldilməsi faktdır. Amma bu addımlar daha çox Ukrayna müharibəsinin yaratdığı şokun nəticəsidir. Avropa uzun illər təhlükəsizliyi ABŞ və NATO-ya həvalə etmişdi, indi isə anlayır ki, Rusiya faktoru uzunmüddətli risk olaraq qalır. Yəni söhbət hücuma hazırlaşmaqdan yox, özünü qoruma refleksindən gedir.
Bu kontekstdə Duginin və Kremlin ideoloji xəttinin xüsusi rolu var. Rusiya daxilində “böyük müharibə qaçılmazdır” tezisi cəmiyyətin səfərbər edilməsi, iqtisadi çətinliklərin legitimləşdirilməsi və avtoritar idarəçiliyin möhkəmləndirilməsi üçün istifadə olunur. Avropanın “müharibəyə hazırlaşması” tezisi də bu narrativin bir hissəsidir: qarşı tərəfi aqressiv göstərərək öz sərt siyasətini əsaslandırmaq.
Demək olar ki, hazırkı mərhələdə AB-nin konkret tarixlə bağlı Rusiya ilə müharibə planı yoxdur. Ancaq uzunmüddətli qarşıdurma riskinə görə müdafiə qabiliyyətini artırmaq strategiyası mövcuddur.
Konkret desək, “2030-cu illərə müharibə” diskursu daha çox Rusiya tərəfindən qorxu və düşmən obrazı yaratmaq üçün şişirdilir.
Elmar
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.