Bakı, 19 dekabr, AZƏRTAC
Uşaq və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan məhsullar, uşaq oyuncaqları və meydançalarına aid standartlar müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTAND) AZƏRTAC-a bildirilib ki, qurumun nəzdində təsis edilən “Uşaq malları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 51) onlayn formatda növbəti iclası keçirilib.
İclasda AZSTAND nümayəndələri ilə yanaşı, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, eləcə də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndələri iştirak ediblər.
İclas zamanı AZSTAND/TK 51-in sədri Sehranə Rzayeva sözügedən Texniki Komitənin yaradılma məqsədi, fəaliyyət istiqamətləri və funksiyaları haqqında məlumat verib. Həmçinin sahibkarlıq subyektlərinin texniki komitənin fəaliyyətinə cəlb olunması barədə fikir mübadiləsi aparılıb.
Bundan əlavə, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planı əsasında uşaq və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan məhsullar, uşaq oyuncaqları və meydançalarına aid standartlar müzakirə olunub və qəbulu üçün AZSTAND-a təqdim edilməsi barədə qərar verilib.
Sonda AZSTAND/TK 51 tərəfindən AZS EN 71-4:2023 “Oyuncaqların təhlükəsizliyi –Hissə 4: Kimya üçün təcrübə dəstləri və onunla əlaqədar fəaliyyətlər” dövlət standartının dövri yoxlaması keçirilib.
Qeyd edək ki, “Uşaq malları” standartlaşdırma üzrə texniki komitə (AZSTAND/TK 51) uşaqlar üçün avadanlıqlar, velosipedlər, tekstil parçaları, dəri məmulatları, geyim, baş geyimləri, ayaqqabılar, bədən qulluq avadanlıqları və digər uşaq malları üzrə normativ sənədlərin hazırlanmasında maraqlı tərəflərin iştirakını təmin etmək məqsədilə yaradılıb.