AZ

Avstraliyada silahlı hücum törədəni zərərsizləşdirən şəxs üçün külli miqdarda ianə toplanıb

London, 19 dekabr, AZƏRTAC

Avstraliyanın “Bondi” çimərliyində baş verən hücum zamanı silahlı şəxsi zərərsizləşdirərək daha böyük bir faciənin qarşısını alan Əhməd Əl Əhməd üçün bir gün ərzində 2 milyon 500 min Avstraliya dolları (təxminən 1,24 milyon funt sterlinq) məbləğində ianə toplanıb.

AZƏRTAC xəbər verir ki, hadisə zamanı ağır yaralanan Əhməd Əl Əhməd hazırda xəstəxanada əməliyyatdan sonrakı bərpa mərhələsindədir. Sosial şəbəkələrdə geniş yayılan videoda tanınmış yutuber Zakeri Dereniovskinin onu xəstəxanada ziyarət etdiyi və göstərdiyi şücaətə görə ianəni təqdim etdiyi əks olunub.

Məlumata görə, silahlı hücum zamanı insanlar canlarını qurtarmaq üçün qaçarkən Əhməd Əl Əhməd park edilmiş avtomobillərin arxasında gizlənərək hücumçunu zərərsizləşdirib, onun silahını əlindən alıb və yerə yıxıb. Hücum edəni tərksilah etməyə çalışarkən Əhməd iki güllə yarası alıb. O, əməliyyat olunub.

Hadisədən sonra dünya ictimaiyyəti “Bondi qəhrəmanı”na dəstək nümayiş etdirib və qısa müddətdə milyonlarla dollar ianə toplanıb.

Avstraliyanın Baş naziri də Əhməd Əl Əhmədi xəstəxanada ziyarət edərək, onu ölkənin ən yaxşı simalarından biri adlandırıb.

Qeyd edək ki, Bondi çimərliyində baş verən kütləvi atışma nəticəsində 15 nəfər həlak olub, onlarla insan yaralanıb.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
90
azertag.az

1Mənbələr