Kimliyindən asılı olmayaraq, hər kəs törətdiyi əmələ görə cavab verməlidir. Ramiz Mehdiyevin xeyir-duası ilə deputat olan Gültəkin Hacıbəyli də həmçinin... Radikal ritorika ilə hansısa əməli pərdələmək mümkün deyil, zaman o zaman deyil artıq. Gültəkin Hacıbəyli kimilər demokratik dövlət quruculuğundan danışırlar. Elə demokratik ölkələrdə əmələ görə məsuliyyət nəzərdə tutulub.

Vaxtilə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə əlbir olub deputat olan, evlər, torpaq sahələri əldə edən, biznes quran G.Hacıbəyli sonralar radikal müxalifət obrazına “büründü”. Əvvəllər “Kim Ramiz Mehdiyevi tənqid edirsə, vətən xainidir” deyən Gültəkin Hacıbəyli radikal cəbhəyə keçdikdən sonra neftin dünya bazarında ucuzlaşmasına da sevincini gizlədə bilmirdi. O sevincdə Ramiz Mehdiyevin ruhu hiss olunurdu. Siravi müxalifətçilər onu heç vaxt səmimi qəbul etməyiblər. Amma özünü “ana müxalifət” adlandıran AXCP rəhbərliyi və sədri Əli Kərimli onu yuxarı başa keçirmişdi. Görünür, Ramiz Mehdiyev möhkəm tapşırıbmış. İndi Əli Kərimli özü də şübhəli şəxs kimi istintaqa cəlb edilib. Mehdiyevin qurduğu sistem, plan, demək olar, ifşa olunur, 50 nəfərlik “dövlət şurası”na daxil olanlar narahatdırlar. Gültəkin Hacıbəyli qardaş Türkiyəyə qaçmaqla canını qurtardığını düşünürdü. Türkiyənin müvafiq qurumları məsələni araşdıraraq obyektiv qərar qəbul ediblər. Onun Azərbaycana gətirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Gültəkin Hacıbəyli Azərbaycanın istintaq orqanları, məhkəmələri qarşısında cavab verməlidir.
Kənan Mirzəyev