Ukrayna Müdafiə Qüvvələri tərəfindən Donetsk vilayətinin Pokrovsk şəhərində iki Kolumbiya vətəndaşı əsir götürülüb.
Herbiand.az bildirir ki, bu barədə “Skala” 425-ci hücum alayı məlumat verib.
Əsirlər iddia ediblər ki, Rusiyaya işləmək üçün gəliblər, Ukraynaya qarşı müharibəyə isə aldadılaraq düşüblər. Onlara ayda 2500 dollar vəd edilib, lakin heç vaxt pul görməyiblər.
“Kolumbiyalılar Ufaya çatanda sənədləri müsadirə edilib, onlara avtomatlar verilib, yeməksiz və susuz Pokrovska hücum etməyə göndəriblər”, - “Skala”dan bildirilib.
Hərbçilər əsir götürülən kolumbiyalılarla söhbətin videosunu yayımlayıblar. Onlardan biri deyib ki, bölmələrdən birində ona qaynaqçı işi vəd edilib. Digəri isə Rusiyada olan tanışından qaz emalı zavoduna guya mühafizəçi lazım olduğunu öyrənib.
“Dedilər ki, bu iş maksimum bir aylıqdır. Bu yalan oldu. Biz Boqotadan İstanbula, İstanbuldan Ufaya uçduq. Ufaya çatanda pasportlarımızı, telefonlarımızı və bütün sənədlərimizi götürdülər. Üç gün sonra bizi avtobusa mindirərək təxminən 36 saat naməlum istiqamətə apardılar, hara getdiyimizi bilmirdik”, - Kolumbiya vətəndaşı söyləyib.
Kolumbiyalılara əminliklə deyilib ki, onlar döyüşməyəcəklər. Əsirlərdən biri deyib ki, bu cür vədlər bir çox insanı Rusiyanın təkliflərini qəbul etməyə vadar edir. O, deyib ki, Kolumbiya vətəndaşları Ufaya gəlməyə davam edirdilər.
Onlar iddia ediblər ki, silahlarının darağının tamamilə dolu olmasına baxmayaraq heç vaxt atəş açmayıblar.
Bəxtiyar CƏFƏRLİ