AZ

Zelenski məşhur idmançıları CƏZALANDIRDI

Ukrayna Prezidenti Volodimir Zelenski tanınmış idmançılar Sergey Bubka və Yana Kloçkovanı dövlət təqaüdlərindən məhrum edib. Vətəninfo.az xəbər verir ki, bu barədə prezident fərmanında qeyd olunub.

Sənədə əsasən, Olimpiya, Paralimpiya və Deflimpiya oyunlarının çempion və mükafatçılarına verilən dövlət təqaüdləri haqqında Əsasnaməyə uyğun olaraq bir sıra idman xadimlərinə ödənişlərin dayandırılması nəzərdə tutulur. Konkret olaraq, Sergey Bubkaya 30 yanvar 2004-cü il tarixli sərəncamla, Yana Kloçkovaya isə 15 iyul 2009-cu il tarixli sərəncamla təyin edilmiş dövlət təqaüdlərinin verilməsi dayandırılıb.

Ukrayna Ali Radasının deputatı, “Xalqın Xidmətçisi” fraksiyasının üzvü və parlamentin Gənclər və İdman Komitəsinin birinci sədr müavini Jan Belenyuk Telegram kanalında bildirib ki, faktiki olaraq Ukraynada yaşamayan şəxslər dövlət təqaüdü ala bilməzlər. Onun sözlərinə görə, bu addım dövlətin açıq mesajıdır: təqaüd keçmiş xidmətlərə görə verilən “suvenir” deyil, ölkə ilə real bağlılığın göstəricisidir.

Deputat qeyd edib ki, dövlət təqaüdlərinin məbləği yaşayış minimumuna bağlıdır. Belə ki, Olimpiya, Paralimpiya və Deflimpiya oyunlarının çempionları üçün bu məbləğ 4 yaşayış minimumu təqribən 612 AZN  təşkil edir. Gümüş mükafatçılar 3,5 yaşayış minimumu , bürünc mükafatçılar isə 3 yaşayış minimumu həcmində təqaüd alırlar. Bildirilib ki, bu təqaüdlər ömürlükdür, lakin yalnız müəyyən edilmiş tələblər yerinə yetirildiyi halda qüvvədə qalır.

Məlumata görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra Milli Olimpiya Komitəsinin o zamankı rəhbəri Sergey Bubka uzun müddət ictimaiyyət qarşısında susqunluğu ilə diqqət çəkib və rusiyalı idmançılara qarşı sanksiyaların tətbiqi təşəbbüsü ilə çıxış etməyib.

2023-cü ildə “Bihus.Info” layihəsi Bubkaya məxsus bir neçə Donetsk şirkətinin Rusiya hüquqi şəxslər reyestrində yenidən qeydiyyatdan keçdiyini və onlardan birinin separatçılarla əməkdaşlığa başlayaraq yanacaq tədarük etdiyini açıqlayıb. Sonrakı araşdırmalarda Bubka və onun qardaşına məxsus Rusiya şirkətlərinin işğalçılarla əməkdaşlığı davam etdirdiyi bildirilib.

Dördqat Olimpiya çempionu, üzgüçü Yana Kloçkova isə müharibənin ilk günlərindən informasiya məkanından yoxa çıxıb və Ukraynadakı müharibə ilə bağlı heç bir mövqe sərgiləməyib. Ukrayna mediasının məlumatına görə, o, hazırda ailəsi ilə birlikdə Rusiyanın işğalı altında olan Krımda yaşayır.

Seçilən
83
veteninfo.az

1Mənbələr