Bakıda yerli əhəmiyyətli memarlıq abidəsi olan yaşayış binasının damı layihəyə uyğun bərpa edilir.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 213 ünvanında yerləşən yaşayış binasında aparılan bərpa işləri ilə bağlı yaranmış problemlər aradan qaldırılır:
"Binanın dam örtüyü tarixi abidənin memarlıq xüsusiyyətlərinə uyğun şəkildə bərpa edilir, konstruktiv dayanıqlıq təmin olunur və yaşayış üçün yaranmış risklər aradan qaldırılır. Dam hissəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir".
Xatırladaq ki, tarixi abidənin yaxınlığında yeni yaşayış binasının inşası ilə əlaqədar olaraq, "VEST PARK" MMC tərəfindən 3146 inventar nömrəli abidədə təmir-bərpa işləri aparılarkən təsdiq edilmiş layihənin tələblərinin kobud şəkildə pozulması faktı aşkarlanmışdı. Qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş layihədə binanın bünövrəsinin gücləndirilməsi, fasad hissəsində, daxili həyətdə və dam örtüyündə bərpa işlərinin aparılması nəzərdə tutulmuşdu.