Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan-Belarus əlaqələrini Azərbaycan Prezidenti İlham Əliyev həmişə diqqətdə saxlayır. Hər iki dövlət tarixin inkişaf mərhələsində ağır günlər keçirib və bir-birlərinə daim dəstək olublar. Belarus Prezidenti Aleksandr Lukoşenko 44 Günlük Vətən müharibəsi dövründə öz prinsipiallığını göstərdi. O, Azərbaycanda səfərdə olarkən Şuşaya getdi və Zəfərimizi yüksək qiymətləndirdi. Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə deyib.
O bildirib ki, iki ölkə arasındakı əlaqələrin inkişafı üçün çoxsaylı birgə proqramlar hazırlanıb həyata keçirilib, qərarlar qəbul edilib.
“Ölkələrimizin qanunverici orqanları arasında səmərəli əməkdaşlıq əlaqələri formalaşıb. Qanunverici orqanlar qarşılıqlı təcrübə mübadiləsi aparırlar. Hazırda Azərbaycan-Belarus arasındakı iqtisadi-ticari münasibətlər yüksələn xətlə inkişaf edir. Buna Gəncə Avtomobil Zavodunu, Cəbrayıl rayonunda digər zavodun filialının yaradılmasını misal göstərmək olar. Həmçinin Azərbaycanda kənd təsərrüfatı və heyvandarlığa aid dərmanların istehsalı müəssisəsinin tikintisini qeyd etmək lazımdır. Biz Belarusun sənayeləşmədə əldə etdiyi uğurları dərindən araşdırmalıyıq. Sənayeləşmə iqtisadiyyatın aparıcı sahələrindən biridir. Belarus təkcə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracından cari ildə 8 milyard dollar gəlir əldə edib. Belarusun ərazisini və əhalisinin sayını nəzərə alsaq bunun böyük bir rəqəm olduğunu görərik. Azərbaycanın da kənd təsərrüfatı potensialı böyükdür və hesab edirəm ki, bu sahədə Belarus təcrübəsinin öyrənilməsi aqrar-sənaye kompleksinin daha təkmil inkişafı üçün əhəmiyyətli olar. Azərbaycan ilə Belarus arasındakı münasibətlərin perspektivinə inanıram və iki ölkə arasında imzalanan müqavilələrin dəqiqliklə yerinə yetiriləcəyinə şübhə etmirəm”, - deyə Ziyad Səmədzadə əlavə edib.