Prezidentliyi dövründə daim humanizm, insanpərvərlik, vətəndaşların sosial rifahı prinsiplərini rəhbər tutan Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Sənədə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirlərində iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Həmçinin, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq. Amnistiya aktının ümumilikdə 20 min şəxsə şamil ediləcəyi nəzərdə tutulur. Yeri gəlmişkən qeyd edək ki, Prezident tərəfindən Milli Məclisə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı təsdiqlənib. Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi gözlənilir.
Onu da qeyd edək ki, Azərbaycan müstəqillik qazanandan indiyədək 117 min nəfərə şamil olunan 13 Amnistiya aktı, 71 əfv fərman və sərəncamları qəbul edilib. Bu sənədlər minlərlə məhkumun cəzanın çəkilməyən hissəsindən azad edilməsinə səbəb olub. Təkcə bu fakt deməyə əsas verir ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu siyasətin mühüm tərkib hissəsini cəza siyasətində humanizm, mərhəmət və fərdi yanaşma prinsiplərinin tətbiqi təşkil edir. Yenə də bu siyasətin qayəsində insan və vətəndaş amili durur. Dövlət hesab edir ki, məhkumların cəmiyyətə yenidən islah olunmuş şəxs kimi qayıdışında cəzanın tərbiyəvi mahiyyəti xüsusi rol oynayır. Bu prosesdə əfv və amnistiya institutları hüquqi mexanizmləri kimi çıxış edir. Məhz bu səbədən əlamətdar günlərdə əfv fərmanı verilir, yaxud aministiya aktı qəbul edilir.
Azərbaycanda insan hüquqlarının qorunması daim dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Xüsusilə, ölkəmiz müstəqillik əldə etdikdən sonra bu istiqamətdə vacib addımlar atılıb. Hələ dünyanın ən inkişaf etmiş, özünü demokratiyanın beşiyi kimi sırıyan ölkələrdə ölüm cəzasının hökm sürdüyü anda ən ağır cəza növü olan ölüm cəzasının Azərbaycanda ləqvi reallaşdırıldı. Cəza siyasətinin yüngülləşdirilməsi təbii ki, humanizm prinsiplərinə əsaslanan dövlət siyasətinin tərkib hissəsi idi. Heç şübhəsiz ki, dövlətin mütəmadi olaraq davam etdirdiyi humanizm siyasəti məhkumlarda, onların ailə üzvləri və yaxınlarında böyük sevinc hissi yaradır. Paralel olaraq cəmiyyətin saflaşması, mənəvi tərbiyəsi baxımından da önəm kəsb edir. Çünki, Amnistiya aktı hüquq pozuntuları törətmiş şəxslərin fərdi olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində qəbul edilir və həmin şəxsləri, onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək cəzalardan azad edir, yaxud yüngülləşdirir.
Hazırki amnistiya Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda savaşda iştirak edən şəxslərə, şəhid ailələrinə və müharibədən zərər çəkmiş vətəndaşlara göstərilən diqqətin birbaşa ifadəsidir. Başqa sözlə, bu adımla dövlət başçısı ölkənin müstəqilliyi və təhlükəsizliyi uğrunda hüququndan keçən insanlara nə qədər dəyər verdiyini göstərmiş olur. Sözsüz ki, qadınlara, yaşlılara, yetkinlik yaşına çatmayanlara, eləcə də az ağır cinayətlər törətmiş şəxslərə qarşı mərhəmətli yanaşma dövlətlə vətəndaş arasında etimadı daha da möhkəmləndirir. Nəticə olaraq demək olar ki, Prezident İlham Əliyevin bu təşəbbüsü güclü, məsuliyyətli və insan yönümlü dövlət idarəçiliyinin bariz nümunəsidir və cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Sadalanan faktlar deməyə əsas verir ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş humanizm siyasətinə sadiq qalan ölkə Prezidenti İlham Əliyevin də hazırkı rəhbərliyi dövründə əfv sərəncamlarının imzalanması və Amnistiya aktlarının qəbulu təşəbbüsünun irəli sürülməsi təcrübəsi uğurla davam etdirilir.
Alim Hüseynli
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta