AZ

Harvardda qalmaqal: Morqun sabiq müdiri insan orqanlarını satırmış...

Elmi məqsədlər üçün bağışlanan cəsədlərdən qeyri-qanuni gəlir əldə edilib...

Poliqon xəbər verir ki, Harvard Tibb Məktəbinin morqunun sabiq müdiri elmi və tədris məqsədləri üçün bağışlanmış insan qalıqlarının oğurlanması və qanunsuz satışı sxemini təşkil etdiyinə görə 8 il müddətinə azadlıqdan məhrum edilib. Associated Press Agentliyinin məlumatına görə, hökm ABŞ-nin Pensilvaniya ştatında federal məhkəmə tərəfindən çıxarılıb.

58 yaşlı Sedrik Lodc oğurlanmış anatomik materialların ştatlararası ticarəti işi üzrə günahını etiraf etdikdən sonra məhkum olunub. O, Harvard Tibb Məktəbinin morqunda 25 ildən artıq müddətdə çalışıb. İstintaq müəyyən edib ki, Lodc bir neçə il ərzində sistemli şəkildə vəfat etmiş donorların cəsədlərindən müxtəlif hissələri, beyin, dəri, əllər, üz və digər fraqmentləri tədris və ya tədqiqat proqramlarında istifadə başa çatdıqdan sonra, lakin cəsədlər kremasiyaya göndərilməzdən əvvəl çıxarıb.

Bu insan qalıqları gizli şəkildə morqdan çıxarılaraq ABŞ-nin digər ştatlarında olan alıcılara poçt vasitəsilə göndərilib. Prokurorluğun məlumatına görə, qanunsuz sxem azı 2018-ci ildən 2020-ci ilin mart ayınadək fəaliyyət göstərib və Lodca minlərlə dollar qazandırıb. Prokurorlar onun əməllərini “son dərəcə sinik” kimi xarakterizə edərək bildiriblər ki, insan qalıqları faktiki olaraq kolleksiya əşyası kimi qəbul edilib. Ayrı-ayrı epizodlardan birində insan dərisinin kitab üçün dəri üzlük hazırlanmasında istifadə olunması məqsədilə satıldığı da müəyyən edilib.

Cinayət fəaliyyətində təqsirləndirilən şəxsin həyat yoldaşı Deniza Lodcun da iştirak etdiyi bildirilib. O, bağlamaların göndərilməsində və pul köçürmələrinin alınmasında kömək göstərib. Məhkəmə Deniza Lodcu bir il bir gün müddətinə azadlıqdan məhrum edib.

Hökmü elan edən hakim vurğulayıb ki, Sedrik Lodc tutduğu məsul vəzifəyə görə donorların cəsədlərinə hörmətlə yanaşmalı və onların ailələrinin etimadını qorumalı idi. Lakin o, bu etimadı kobud şəkildə pozaraq mərhumların yaxınlarına ciddi mənəvi zərər vurub.

Qeyd edək ki, bu qalmaqal 2023-cü ildə Harvard Tibb Məktəbində cəsəd bağışlanması proqramının müvəqqəti dayandırılmasına səbəb olub. Hadisə eyni zamanda donor ailələri tərəfindən bir sıra mülki iddiaların qaldırılması ilə nəticələnib.

Poliqon.info

Seçilən
70
poliqon.info

1Mənbələr