Kondisionerlərin yanlış təhlükə yaradır. Fasadlara quraşdırılan kondisionerlər zənn edildiyi qədər güvənli olmaya bilər. Yeni binaların fasadına kondisioner quraşdırılmasının real təhlükələri mövcuddur.
Bəs kondisionerləri fasadlara quraşdırarkən nələrə diqqət edilməlidir? Hansı təhlükə riskləri var?
Mövzu ilə yanaşı Pravda.az-a açıqlama verən mütəxəssis Natiq Abdiyevin sözlərinə görə, düzgün formada quraşdırmaq əsas şərtdir: “Yeni binaların tikilişində daha çox qırmızı kərpicdən istifadə edilir. Bunu nəzərə alıb güvənli formada quraşdırmaq lazımdır. Peşəkar, işini bilən ustalar tərəfindən quraşdırılan zaman xüsusi təhlükəsi olmur. Kondisioneri başqa sahənin ustası quraşdırmamalıdır. Kombi ustası da hazırda quraşdırma işini görür, amma doğru deyil. Xüsusilə keyfiyyətsiz montaj zamanı yanğın riski ola bilər. Kondisionerin quraşdırılması zamanı elektrik kabellərinə calaq vurulması yolverilməzdir. Əgər kabel çatmırsa yenisi ilə əvəz olunmalıdır. Daxili blokdan xarici bloka gedən elektrik kabelində calaq olmamalıdır. Calaq varsa mütləq ki, bir müddətdən sonra qısa qapanma baş verə bilər. Quraşdırılma zamanı divarın tikiliş formasına diqqət edərək gərəkli olan detallardan istifadə etmək şərtdir. Əks halda uzunömürlülük olmayacaq. Split sistemli kondisionerlərdə iki əsas hissə olur: daxili blok, hansı ki otağın içində yerləşir və xarici blok, hansı ki binanın çöl hissəsində (fasadda, balkonda və s.) quraşdırılır. Mühərrik, kompressor və ventilyator burada olur. Bəzən xarici blok deyilən hissə örtülü balkonda quraşdırılır ki, bu da düzgün deyil. Bu zaman kondisioner normal formada işləmir, xarici blok açıq havada olmalıdır. Cam balkonun içində qalan hərarət, istilik kondisioneri normal formada işləməyə qoymur. Bu da tez sıradan çıxmasına, həmçinin qısa qapanmaya səbəb ola bilər. Xarici blok düzgün anker və metal konstruksiya ilə bərkidilmədikdə qopub düşə bilər. Xüsusilə hündürmərtəbəli binalarda bu, ölümcül risk yaradır. Ancaq fasadlarda düzgün qaydalara əsasən quraşdırılan zaman problem yaşanmır”.
Memar Elmin Bayramov bildirib ki, kondisionerlərin yerləşdirilməsi üçün fasadlardan başqa təyinat yeri yoxdur: “Başqa yer olmadığı üçün məcburi şəkildə fasada quraşdırılır. Bina tikiləndə onun üçün xüsusi yer nəzərdə tutulsa kimsə fasada quraşdırmayacaq. Amma hazırda tikililərimizdə bunun üçün ayrı bir yer yoxdur. Bu səbəbdən məcburi formada fasada quraşdırılma olur. Quraşdırma layihəyə uyğun aparılıbsa, fasada yerləşdirilməsində hansısa təhlükə mövcud deyil. Fasadın daşıyıcı və örtük hissələri müəyyən qədər zədələnir, görüntüsünə mənfi təsir göstərir, ancaq düzgün quraşdırılması üçün məcburi haldır. Tikintilərdə də, yeni yaşayış binalarında da çalışırıq ki, evin ya arxa hissəsinə salaq, ya da gizli dam mövcuddursa, dama salırıq. Estetik baxımından yaxşı görünmür. Yenə bir ədəd olanda onu hardasa tənzimləmək olur, ancaq hər otağa biri qoyulanda fasadda yaxşı görünmür”.
Şəhanə Quliyeva