AZ

Azərbaycanda 103 minlik vergidən yayınan şirkət rəhbəri həbsdə qaldı - QƏRAR

Ali Məhkəmədə vergi ödəməkdən yayınmada ittiham edilən Rahil Burcalızadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttiham aktına görə, edilən Rahil Burcalızadə MMC-lərdən birinə doğma atasını rəsmi direktor vəzifəsinə təyin etdirib, özü isə həmin şirkətin fəaliyyətinə faktiki rəhbərlik edib. O, cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş səlahiyyətləri şəxsən həyata keçirərək, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması, vergitutma obyektlərinin düzgün bəyan edilməsi və dövlət büdcəsinə vergilərin ödənilməsinə cavabdeh şəxs olub.


İstintaqla müəyyən edilib ki, Rahil Burcalızadə Vergi Məcəlləsinin bir sıra maddələrinin tələblərini pozaraq vergi orqanlarına təqdim edilən bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatlar daxil edib və nəticədə dövlət büdcəsinə xeyli miqdarda vergi vəsaitinin ödənilməsindən yayınmağa nail olub.


Belə ki, 2019-cu ilin yekunları üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsində faktiki olaraq cəmiyyətin malların satışı, iş və xidmətlərin göstərilməsindən əldə etdiyi gəlir 699 604,90 manat, xərclər 305 597,80 manat, vergiyə cəlb olunan mənfəət 394 007,10 manat və ödənilməli mənfəət vergisi 78 801,42 manat olduğu halda, bəyannamədə gəlir 449 151,21 manat, xərclər 439 398 manat, vergiyə cəlb olunan mənfəət 9 753,21 manat və ödənilməli mənfəət vergisi cəmi 1 950,64 manat göstərilib. Bununla da 76 850,78 manat məbləğində mənfəət vergisi dövlət büdcəsindən yayındırılıb.
 

Bundan başqa, 2019-cu ilin dekabr ayı üzrə əlavə dəyər vergisi ilə bağlı faktiki olaraq 130 757,56 manat ƏDV tutulan dövriyyə və 23 536,36 manat ödənilməli ƏDV olduğu halda, bəyannamədə dövriyyə 80 707,56 manat, ödənilməli ƏDV isə 14 527,36 manat kimi göstərilib və nəticədə 23 536,36 manat məbləğində ƏDV dövlət büdcəsinə ödənilməyib.


Beləliklə, Rahil Burcalızadə tərəfindən ümumilikdə xeyli miqdar təşkil edən 100 387,14 manat məbləğində vergi vəsaiti dövlət büdcəsinə ödənilməkdən yayındırılıb.
 

Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə Rahil Burcalızadə 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi-məsul vəzifə tutmaq, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 2 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda iş üzrə verilmiş mülki iddia qismən təmin olunaraq, 91 378,14 manat məbləğində pul vəsaitinin məhkumdan tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib və Xaçmaz Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb. Qeyd olunan apellyasiya qərarından Rahil Burcalızadə tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr təqdim edilib.

Kamal Məmmədov 

Tarix: 19 Dekabr 2025, 08:26   
Seçilən
43
pravda.az

1Mənbələr