AZ

Tanışını söyüş üstündə bıçaqlayaraq 2 gün gizlənən yeniyetməyə şərti cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rasim Orucovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.


İttiham aktına əsasən, 2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Rasim Orucov 06 iyun 2025-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsində yerləşən “Favorit” marketin yaxınlığında bir il əvvəl tanış olduğu zərərçəkmiş Məlik Bəşirovla (adı, soyadı şərtidir) rastlaşıb. Görüş zamanı zərərçəkmiş şəxs Rasimdən onun ünvanına təhqiramiz ifadələr işlədib-işlətmədiyini soruşub. Təqsirləndirilən şəxs belə ifadələr işlətmədiyini bildirdikdən sonra tərəflər arasında mübahisə yaranıb.


Mübahisə zamanı zərərçəkmiş şəxsin onu söyüb təhqir etməsi və fiziki təmas göstərməsi nəticəsində Rasim özünə qarşı zorakılıq olacağından ehtiyatlanaraq, şəxsi münasibətlərin pozulması zəminində Məliki cəzalandırmaq məqsədilə üzərində olan, istintaqla mənşəyi müəyyən edilməyən kəsici-deşici alətlə qəfil şəkildə onun qarın nahiyəsindən bir dəfə vurub.


Nəticədə zərərçəkmiş şəxsə daxili qanaxma, mədənin arxa divarının, köndələn çənbər bağırsağın və müsaqirəsinin zədələnməsi ilə müşayiət olunan, qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara yetirilib. Həmin xəsarətlər insan həyatı üçün təhlükəli olmaqla qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.


Məhkəmə baxışı zamanı Rasim Orucov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək deyib ki, hadisə günü işdən çıxaraq “Favorit” marketin qarşısına gəlib, evdən bıçaq almağı xahiş edildiyi üçün həmin obyektə girib. O, marketdən bıçaq alıb. Daha sonra Məliklə qarşılaşıb və aralarında mübahisə yaranıb. Onun sözlərinə görə, zərərçəkmiş şəxs onu itələdikdən sonra belində olan bıçağı çıxararaq bir dəfə zərbə vurub. Sonra bıçağı ataraq hadisə yerindən qaçdığını bildirib.


Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələrdə zərərçəkmiş şəxsi təxminən bir ildir tanıdığını, hadisə zamanı qarşı tərəfin əlində bıçaq görmədiyini, əvvəllər heç kimə bıçaqla xəsarət yetirmədiyini bildirib. O, ibtidai istintaq zamanı qorxu səbəbindən ziddiyyətli ifadələr verdiyini, zərərçəkmiş şəxsə yalnız bir dəfə bıçaq zərbəsi vurduğunu etiraf edib. Hadisədən sonra iki gün gizləndiyini, daha sonra əmisi tərəfindən polis orqanlarına aparılaraq könüllü təslim olduğunu qeyd edib.


Məhkəmə istintaqı zamanı Məlik Bəşirov ifadəsində Rasimlə marketin qarşısında rastlaşdığını, aralarında mübahisə yarandığını və daha sonra bıçaq xəsarəti aldığını təsdiqləyib. O, məhkəmə iclasında hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək müvafiq ərizəni məhkəməyə təqdim edib.
 

Kamal Məmmədov 

Tarix: 19 Dekabr 2025, 08:12   
Seçilən
101
pravda.az

1Mənbələr