AZ

Aİ-Mercosur azad ticarət sazişinin imzalanması təxirə salınıb

Paris, 19 dekabr, AZƏRTAC

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqına üzv 27 ölkənin liderlərinə Mercosur ölkələri ilə azad ticarət sazişinin imzalanmasının yanvar ayına qədər təxirə salındığını bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən məlumat yayılıb. Qərar Brüsseldə keçirilən Avropa sammiti fonunda qəbul olunub. Həmin gün Brüsseldə bir neçə Avropa ölkəsindən olan fermerlər sazişə etiraz olaraq bütün gün Avropa Komissiyasının binaları qarşısında aksiya keçiriblər. Fermerlər hesab edirlər ki, müqavilənin şərtləri onları Cənubi Amerika ölkələrindən gələn məhsullarla rəqabət qarşısında kifayət qədər qorumur.

Razılaşmanın təxirə salınmasına Braziliya Prezidenti Lula da Silva da dolayı yolla dəstək verib. O, İtaliyanın Baş naziri Corcia Meloni ilə telefon danışığından sonra bir qədər səbirli olmaq lazım gəldiyini bildirib. Meloni isə İtaliyanın yekunda sazişi dəstəkləyəcəyinə dair vəd verib.

Bu gecikmə sazişin yaxın günlərdə imzalanmasını istəyən Avropa Komissiyası, Almaniya və İspaniya üçün uğursuzluq kimi qiymətləndirilir. Ursula fon der Lyayen razılaşmanı Braziliyanın Fos-du-İquasu şəhərində keçiriləcək Mercosur sammiti zamanı imzalamağı planlaşdırsa da, Fransa və İtaliyanın etirazı səbəbilə Brüsseldə lazımi çoxluğu əldə edə bilməyib.

Seçilən
154
2
azertag.az

3Mənbələr