Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Hazırda sosial şəbəkələr arasında xüsusilə TikTok platformasında alqoritmlər vasitəsilə daha çox mənfi və zərərli məlumatların yayılması müşahidə olunur və bu resurslarda nəzarət mexanizmləri kifayət qədər zəifdir”.
Bizimyol.info xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda brifinqdə Bizimyol.info-nun suallarını cavablandıran zaman qurumun Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov deyib. Onun sözlərinə görə, sosial şəbəkələrin əksəriyyəti xarici ölkələrin hökumətləri və biznes strukturları tərəfindən idarə olunur və Azərbaycanda həmin platformalara tam nəzarət etmək faktiki olaraq mümkün deyil.
“Bu səbəbdən yalnız müəyyən məhdudiyyətlərin tətbiqi və ya konkret meyarların müəyyənləşdirilməsi mümkündür.
Bəzi ölkələrin o cümlədən Argentina və Braziliyanın təcrübəsi göstərir ki, bu cür hallarda sosial şəbəkə şirkətlərinə qarşı cərimələr tətbiq olunur, vətəndaşlara çatan zərərli məlumatlar məhdudlaşdırılır və əlavə filtr mexanizmləri işə salınır. Lakin bu istiqamətdə Azərbaycanda da əlavə araşdırmalara ehtiyac var”.
Rəsmilər vurğulayıblar ki, Facebook platformasında müəyyən filtr mexanizmləri mövcuddur, digər sosial şəbəkələrdə də müsbət tendensiyalar müşahidə edilir. Məsələn, LinkedIn və “X” platformalarından yetkinlik yaşına çatmayan şəxslər daha az istifadə edirlər.
Azərbaycanda isə uşaqlar və yeniyetmələr daha çox Facebook, Instagram və TikTok platformalarına üstünlük verirlər. Qeyd edilib ki, aparılan monitorinqlər zamanı bəzi zərərli məzmunlar, xüsusilə Instagram üzərindən müəyyən edilərək aradan qaldırılır. Buna baxmayaraq, bu tip məlumatların yenidən yayılması halları da müşahidə olunur.
Bu problemin qarşısını almaq üçün qanunvericiliyin təkmilləşdirilməsi işlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bu sahədə səlahiyyətli qurum kimi mərkəzləşdirilmiş idarəetməni gücləndirməsinin, həmçinin sosial şəbəkə şirkətləri ilə ikitərəfli əməkdaşlıq müqavilələrinin bağlanmasının mümkünlüyü qeyd olunub.
Bildirilib ki, hazırda aidiyyəti qurumlar tərəfindən bu platformaların nümayəndələri ilə mütəmadi görüşlər keçirilir və nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Leyla Mirzə, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.