AZ

Rusiya Çinə neft endirimlərini rekord həddə, barel üçün 35 dollara çatdırıb

Hindistanın imtinası Moskvanı Asiya bazarında daha dərin güzəştlərə məcbur edir...

Poliqon xəbər verir ki, Reuters Agentliyinin sənaye mənbələrinə istinadla yaydığı məlumata görə, Rusiya neft şirkətləri Çində alıcı tapmaq üçün qiymət endirimlərini kəskin şəkildə artırmağa məcbur qalıb. Buna səbəb Hindistan neft emalı zavodlarının bir hissəsinin Rusiya mənşəli yüklərdən imtina etməsidir. Nəticədə Rusiya ixracatçıları satılmayan partiyaları Çin bazarına yönəldərək tarixi rekord sayılan endirimlər təklif edirlər.

Mənbələrin bildirdiyinə görə, Baltik limanlarında Urals markalı neftin bəzi partiyaları Brent etalonuna nisbətən barel üçün 35 dollar endirimlə satılır. Bu, Ukraynaya qarşı müharibə başlayandan bəri qeydə alınan ən yüksək güzəşt sayılır. Mövcud Brent qiymətləri nəzərə alındıqda, bu, Rusiya neftinin faktiki satış qiymətinin barel üçün 30 dollardan da aşağı düşməsi deməkdir ki, bu səviyyə sonuncu dəfə pandemiya dövründə müşahidə olunmuşdu.

Reuters-in məlumatına əsasən, hazırda Baltik dənizi istiqamətində Urals neftinə orta endirimlər barel üçün 21,5 dollar, Qara dənizdə isə təxminən 20 dollar təşkil edir. Rusiya neftinin əsas ixrac markasının orta qiyməti isə 40 dollar ətrafında qalır. Bu göstərici ilin əvvəlindən bəri təxminən 40 faiz ucuzlaşmanı ifadə edir. Eyni zamanda, mövcud qiymətlər Rusiya büdcəsində həm cari, həm də növbəti il üçün nəzərdə tutulan səviyyədən təxminən üçdə bir aşağıdır ki, bu da ölkənin gəlirlərinə ciddi təzyiq yaradır.

Qeyd olunur ki, Rusiya Çinə genişmiqyaslı hərbi əməliyyatların başlanmasından sonra verdiyi endirimlər hesabına Çin neft emalı zavodları son üç ildə təxminən 20 milyard dollar qənaət edib. Bu barədə daha əvvəl “Rosneft” şirkətinin rəhbəri İqor Seçin məlumat vermişdi. Onun sözlərinə görə, Rusiya unikal resurs bazasına malikdir və bu potensialdan Çinin enerji təhlükəsizliyinin təmin olunması üçün istifadə etməyə hazırdır.

Poliqon.info

Seçilən
105
poliqon.info

1Mənbələr