AZ

“Deutsche Welle”nin yanlışı - Tramp Qarabağ münaqişəsindən başqa heç bir müharibəni söndürməyib...


“ABŞ prezidenti Donald Tramp sevinclə bildirib ki, Ruanda və Konqo Demokratik Respublikası prezidentləri bu ayın əvvəlində, Ağ Evin hesablamalarına görə, ABŞ liderinin təkbaşına son qoyduğu səkkizinci müharibəni qeyd edən sülh müqaviləsini imzalayıblar. Bu fonda Tramp deyib ki, o, bir çoxlarının uğursuz olduğu yerdə uğur qazanıb”. Bu fikirlər məhşur “Deutsche Welle” nəşrində yer alıb.

“Deutsche Welle” onu da yazır ki, əslində, həmin münaqişlərin bir çoxu hələ də qanlı müstəvidə davam edir: “Atlantik okeanının o tayında, Konqo Demokratik Respublikası da daxil olmaqla, Afrika qitəsinin bir çox yerində "sülh" termini hələ də anlaşılmazdır. 4 dekabrda imzalanan müqaviləni qeyd etmək əvəzinə, düşmənçiliklər davam etdikcə, şərqi Konqo Demokratik Respublikasındakı insanlar evlərindən bayıra çıxa bilmir və bundan sonra nə gözləyəcəkləri qorxusu ilə üzləşiblər. BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, sülh müqaviləsindən sonrakı həftə ərzində regionda 500 mindən çox insan didərgin düşüb. “Sülh sazişinin imzalanması üsyançılarla Konqo Demokratik Respublikasının müdafiə qüvvələri arasında yenidən döyüşlərə səbəb oldu. Nəticədə üsyançılar Uvira şəhəri də daxil olmaqla yeni ərazilərə nəzarəti ələ keçirdilər ", - Konqo Demokratik Respublikasında fəaliyyət göstərən humanitar təşkilatdan anonim mənbə bildirib. Son məlumatlara görə, ABŞ vasitəçilərinin xahişi ilə M23 döyüşçüləri strateji şəhərdən geri çəkilməyə hazırlaşır. Yardım işçisi əlavə edib ki, bu, əsl sülh prosesi və ya razılaşmadan daha çox Amerika təzyiqinin nəticəsinə əsaslanan siyasi razılaşmaya bənzəyir. Lakin Konqo Demokratik Respublikası Trampın müharibələrə son qoymaq və nizam yaratmaqla bağlı ritorikasının tüstü və güzgü kimi göründüyü yeganə yer deyil. Oktyabr ayında Ağ Evin sponsorluğu ilə keçirilən sülh mərasimindən sonra Kamboca ilə Tayland arasında yenidən baş verən sərhəd toqquşmalarından yarım milyondan çox insan qaçıb. Son həftələrdə İsrail ilə HƏMAS arasında atəşkəs şərtlərinin pozulması halları da qeydə alınıb və Trampın bu ilin əvvəlində İsrail ilə İran arasında baş verən qısa müharibədə ABŞ-ın roluna dair fikirləri İslam Respublikasının İsrailə qarşı əsl sülh təşəbbüsü deyil, qisas almaq üçün hərbi imkanlarının olmamasını əks etdirir. Trampın sona çatdırdığını iddia etdiyi səkkiz müharibədən ikisi heç də real münaqişə deyildi: Misirlə Efiopiya və ya Serbiya ilə Kosovo arasında müharibə vəziyyəti yox idi. Bu “münaqişələr” sadəcə diplomatik fikir ayrılıqları idi. Başqa yerlərdə, hətta Trampın müttəfiqləri belə onun təsir dairəsindən uzaqlaşırlar: Hindistan və Pakistan arasındakı gərginliyə gəldikdə, Yeni Dehli ABŞ-ın iştirakını azaltmağa çalışır, Pakistan isə Tramp administrasiyasını prosesə cəlb etməyə davam edir.

Tramp administrasiyasının həllinə kömək etdiyini açıq şəkildə deyə biləcəyi yeganə münaqişə, ABŞ-ın proaktiv müdaxiləsi təxminən 40 il davam edən gərginliyin sona çatmasına səbəb olan Ermənistanla Azərbaycan arasındakı mübahisədir. ABŞ-da yerləşən müharibə əleyhinə qrup “Code Pink”in təsisçisi Medea Benjamin verdiyi açıqlamada bildirib ki, “Trampın sülh adlandırdığı şeylər əsasən müvəqqəti fasilələr, normallaşma razılaşmaları və ya münaqişənin kök səbəblərini nəzərə almayan mətbuat konfransı qələbələri idi. Bunlar davamlı sülh razılaşmaları deyil, müharibənin yenidən başlamasının qarşısını almaq əvəzinə, təxirə salan qısamüddətli siyasi düzəlişlər idi”. Qızıla meylli bir insan kimi, Trampın Nobel Sülh Mükafatını alan beşinci ABŞ prezidenti kimi tarixə düşmək istəyi heç kimə sirr deyil. Lakin tarixçi Teo Zenou iddia edir ki, prezidentin Ağ Evdəki ikinci müddətindəki səylərini daha böyük bir qüvvə hərəkətə gətirir: onun “bütün dünyada böyük bir lider kimi tanınmaq istəyi”. Zenou bildirib: “O bildirir ki, sülhməramlı kimi qəbul edilməkdən daha uca bir şey yoxdur. Lakin o, müharibə edən millətlər arasında uzunmüddətli barışıq proseslərinə nəzarət etməyi özündə ehtiva edən sülhməramlı olmağın ağır işini görmək istəmir”. Lissabon Universiteti İnstitutunun tədqiqatçısı Eugenio Kosta Almeida bildirib ki, Trampın diplomat kimi rolu şəxsi prestij ölçüsündən kənara çıxan, “geosiyasi strategiya, iqtisadi maraqlar və şəxsi və seçki liderliyinin təsdiqi məntiqinin kəsişməsində” fəaliyyət göstərən bir taktikaya malikdir”. Bütün bunlar Avropada Trampa verilən qiymətdir və bu yazıda ABŞ liderinin əslində ciddi tənqid hədəfi olduğu, heç bir münaqişənin dinc yolla həllinə nail olmadığı açıq vurğulanır. Yazıda Ermənistanla Azərbaycan arasındakı münaqişənin Tramp tərəfindən dayandırlması iddiası həqitəti əks etdirmir. Bu xüsusda hələ cari iilin avqustunda "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazdıqlarının bir daha yada salınmasına zərurət yaranır: “Vaşinqtonda Trampla Almaniyanın kansleri Mertsin dialoqunda son dərəcə ilginc bir nüans diqqətdən yayınmadı. Merts Ukraynada atəşkəsin zəruriliyini qeyd edəndə Tramp ona "mən 6 müharibəni dayandırmışam" deyərək bu sırada Azərbaycanla Ermənistanı da qeyd etdi. Yəni, bu müharibəni də dayandırdığını söylədi. Cənab Tramp 6 müharibə deyəndə tam silahını açmasa da, güman ki, Hindistan- Pakistan, Ruanda- Konqo, Tailand -Kamboca ilə yanaşı, Azərbaycanla Ermənistanı da qeyd etdi. Bəlkə də Ukrayna və Qəzza müharibələrini də bu siyahıda gördü. Baxmayaraq ki, Qəzzada və Ukraynada hələ də müharibə gedir... Ən azı tarixə obyektiv münasibət xatirinə demək lazımdır ki, Tramp Azərbaycan- Ermənistan normallmasına xüsusi diqqət yetirir və bu məsələni tam həll edən lider olmaq istəyir. Ancaq göstərilən münaqişə və müharibələri heç bir halda Azərbaycan - Ermənistan münasibətləri ilə eyniləşdirmək olmaz. Azərbaycan- Ermənistan müharibəsində atəşkəs indi yox, 1994-cü ildə əldə olunmuşdu, münaqişə indi yox, 2023-cü ildə heç bir vasitəçi olmadan Azərbaycanın özü tərəfindən həll edilmişdir, 2025-ci ilin martında saziş layihəsi Bakıda və İrəvanda rəsmi təsdiq edildikdən sonra isə hətta sərhədlərdə də atəş səslərinə son qoyuldu. Beləliklə, cənab Trampın Azərbaycan- Ermənistan müharibəsini dayandırması fikri həqiqət sayıla bilməz. Lakin bu həqiqət Trampın Qafqazda sülh naminə etdiklərini və bundan sonra edəcəklərini nəzərdən qaçırmağa əsas ola bilməz. Qafqazda dayanıqlı sülh naminə Trampın tarixi əhəmiyyətli missiyası hələ təzə başlanır. Təbii ki, cənab Trampın özünün bunu qəbul edəcəyi haldan danışırıq. Qafqazda davamlı sülhün hər iki tərəfin sazişə imza artmasından sonra bərqərar olacağını düşünmək səhv olardı. Əksinə, sülhün yolunda böyük çətinliklər məhz sazişə imzaların atılmasından sonra başlaya bilər.Trampın missiyası bu halda işə düşməlidir və Trampdan bölgəmizdə sülh naminə ən böyük dəstək gözləntisi də məhz buradan başlayacaq”. Hər halda bu reallığı ABŞ-da da bilməmiş deyillər. O fonda regioda ABŞ-ın fəallığını artırmasına indi daha böyük tələb formalaşır.

Nahid SALAYEV

Seçilən
127
baki-xeber.com

1Mənbələr