AZ

Hüquq dövləti quruculuğunda amnistiya aktları - humanizm dövlətçilik prinsipidir...


Hüquqi dövlət quruculuğu sahəsində məqsədyönümlü siyasət həyata keçirən Azərbaycan dövləti bu sahədə böyük inkişaf yolu keçib. Azərbaycanda hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyulub, insan hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib.

Konstitusiyanın qəbulundan sonra Azərbaycanda hüquqi islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, dövrün tələblərinə cavab verən çoxsaylı qanunvericilik aktları qəbul edilmişdir.

Humanistlik aktı olan amnistiyaların elan olunmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və Azərbaycan həmişə bir dövlət kimi bu sahədə nümunə olub.

Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub.Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə müsahibəsində bildirib ki, insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. “...Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib”.

V.Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək dekabrın 15-də amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb: “Bu cür humanist ənənənin davamı o deməkdir ki, demokratik inkişafın əsas istiqamət kimi diqqətdə saxlanıldığı bugünkü Azərbaycanda vətəndaşların hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Multikultural və tolerant dövlət kimi humanizm siyasəti beynəlxalq aləmdə dəstəklənən, təbliğ edilən Azərbaycanda vətəndaşlara göstərilən xüsusi diqqət və qayğı bir daha təsdiqləyir ki, ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi, hüquqi islahatların, qəbul olunan qərarların əsasını humanist prinsiplər təşkil edir. Bu baxımdan azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı Prezident sərəncamlarının imzalanması, eləcə də Amnistiya aktlarının qəbul olunması xüsusi əhəmiyyətə malikdir”.

Vüqar Rəhimzadə vurğulayıb ki, 1995-ci ildən etibarən qəbul edilən 12 Amnistiya aktı 130 mindən artıq şəxsə şamil edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan Amnistiya aktı 17 mindən artıq nəfərə şamil olunmuşdur. Yeri gəlmişkən onu da qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 Əfv fərmanı imzalanıb, həmin dövrdə 7 Amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev isə 2003-2025-ci illər ərzində 39 Əfv sərəncamı imzalayıb, həmin dövrdə 5 Amnistiya aktı qəbul edilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı olarkən irəli sürdüyü təşəbbüs ilə 2007, 2009, 2013 və 2016-cı illərdə Amnistiya aktı qəbul edilib.

Milli Məclisin deputatı bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin və humanizmə sadiqlik ənənələrinin əsas məqsədi insanpərvərlik dəyərlərinə böyük önəm vermək, sağlam cəmiyyət formalaşdırmaqdır: “İmzalanan əfv sərəncamları, qəbul edilən Amnistiya aktları törətdikləri müxtəlif cinayətlərə görə azadlıqdan məhrum edilmiş məhkumların cəmiyyət üçün yararlı vətəndaşa çevrilmələri naminə yaradılmış imkanların ən ümdəsidir. Humanizm prinsiplərinə söykənən bu addımların cəmiyyət tərəfindən yüksək dəyərləndirilməsi ölkəmizdə söz azadlığının, plüralizmin, dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq Konstitusiyamızda bütün vətəndaşlara qarşı eyni münasibətin, dəyərin ifadəsidir. Prezident İlham Əliyevin təklifi əsasında Amnistiya aktının şamil ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır...” deyə millət vəkili qeyd edib.

Prezident İlham Əliyevin amnistiya təşəbbüsü sosial ədalətin bərqərar edilməsi, humanizm və hüquqi dövlət prinsiplərinin təmin edilməsidir.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
19
3
baki-xeber.com

10Mənbələr