AZ

Ziya Raşvan: İsraillə qaz sazişi Misirin aydın strateji maraqları çərçivəsində əldə edilib

Qahirə, 18 dekabr, AZƏRTAC

İsraillə qaz anlaşması Misirin aydın strateji maraqları çərçivəsində əldə edilib. Qazın mayeləşdirilməsi sahəsində inkişaf etmiş infrastrukturu və böyük investisiyaları nəzərə alaraq, Misir Aralıq dənizinin şərqində qaz mübadiləsi sahəsində yeganə regional mərkəz kimi mövqeyini gücləndirməyə çalışır. Bütün bunlar qeyd olunan aktivlərin davamlı işlənməsini və onların daha çox iqtisadi faydasını təmin edir.

AZƏRTAC xəbər verir ki, bunu Misirin Dövlət İnformasiya Xidmətinin rəhbəri Ziya Raşvan deyib.

Z.Raşvan əlavə edib ki, bu qaz sazişi sırf ticarət anlaşmasıdır, yalnız iqtisadi və investisiya maraqları çərçivəsində imzalanıb, heç bir siyasi aspektləri yoxdur. Diqqətə çatdırıb ki, bu sənəd sırf bazar qaydalarına və beynəlxalq investisiya mexanizmləri çərçivəsindədir.

Qeyd edək ki, dünən İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin tarixində Misirə qaz ixracı sahəsində “ən böyük saziş”i təsdiqlədiyini elan edib. Qərb mediasının yaydığı məlumata görə, sazişin dəyəri 35 milyard dollardır və 2040-cı ilə qədər qüvvədə qalacaq. Netanyahu bildirib ki, İsrailin “bütün ən yüksək təhlükəsizlik maraqlarının” təmini üçün sıx məsləhətləşmələrdən sonra bu sazişi təsdiq etmək qərarına gəlib. Vurğulayıb ki, məsələnin həssas tərəfləri olduğu üçün təhlükəsizlik məsələlərinin təfsilatı barədə danışmaq istəmir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
120
azertag.az

1Mənbələr