Füzuli, 18 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti ilə birlikdə Azərbaycana gəlmişik. Səfərin məqsədi Özbəkistan Mədəniyyəti Günlərini yüksək səviyyədə və yüksək əhvali-ruhiyyə ilə keçirməkdir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Özbəkistan Mədəniyyət Nazirliyinin əməkdaşı Xamroz Dexqonov bildirib.
"Bu gün Şuşa şəhəri ilə tanış olduq. Hazırda Füzulidəyik, Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində silsilə tədbirlərin növbəti mərhələsi keçirilir. Bu mədəni əlaqələrin möhkəmləndirilməsi üçün çox önəmlidir. Bu cür mədəni tədbirlər xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun daha da güclənməsinə xidmət edir. Biz Özbəkistan və Azərbaycan xalqları arasında mövcud olan dərin qardaşlıq və dostluq münasibətlərini hər zaman yüksək qiymətləndiririk. Azərbaycanda bizə göstərilən səmimi münasibət, təşkilatçılıq və qonaqpərvərlik hər birimizdə xoş təəssürat yaratdı. Azərbaycan xalqına, hökumətinə və bütün təşkilatçılara bu yüksəksəviyyəli qəbul və diqqətə görə dərin minnətdarlığımızı bildiririk", - deyə o söyləyib.
Qeyd edək ki, hazırda Füzuli şəhər Mirzə Uluqbəy adına məktəbdə Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilir.