AZ

Hansı cinayətlər amnistiyadan kənarda qalır? Hüquqi yanaşma

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev amnistiya aktının tətbiqi ilə bağlı mühüm məqamları açıqlayıb.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, amnistiyanın şamil olunması cinayətlərin xarakterindən birbaşa asılıdır və böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlər törətmiş, ehtiyatsızlıq üzündən cinayət etmiş, beş ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin amnistiya aktına düşməsi mümkündür:

"Amnistiya aktının səciyyəvi xüsusiyyətlərindən biri onun müxtəlif hüquqi nəticələr doğurmasıdır. Belə ki, bu sənəd çərçivəsində cəzadan tam azad etmə, cəzanın azaldılması, digər cəzalarla əvəz olunması, eləcə də cinayət məsuliyyətindən azad etmə hallarının tətbiqi nəzərdə tutulur. Əgər şəxs barəsində cinayət işi başlanıbsa, həmin işə xitam verilməsi, ittiham irəli sürülübsə, ona da xitam verilməsi mümkündür. Amnistiya aktının əsas siyasi-hüquqi mahiyyəti Konstitusiya və Suverenlik ili ilə bağlıdır. Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və ölkə ərazisində suverenliyin tam bərpa olunması bu təşəbbüsün əsasını təşkil edir. Bununla yanaşı, sənəd dövlətin humanist yanaşmasını da açıq şəkildə nümayiş etdirir".

Onun sözlərinə görə, amnistiya aktı sosial ədalət, humanizm və təhlükəsizlik arasında balans prinsipi üzərində qurulub. Məhz bu səbəbdən Cinayət Məcəlləsində nəzərdə tutulan bütün maddələrə amnistiya tətbiq edilmir:

"Dövlətin ərazi bütövlüyünə və suverenliyinə qarşı çıxış etmiş, ölkənin işğalında iştirak etmiş, Xocalı hadisələrində rol almış şəxslər amnistiya aktından kənarda qalır. Həmçinin ağır və xüsusilə ağır cinayətlər törətmiş, qəsdən adam öldürmə, terrorçuluq və insanlığa qarşı cinayətlərdə təqsirli bilinən şəxslərə amnistiya tətbiq edilmir. Hüquqşünas qeyd edib ki, bu yanaşma amnistiyanın fəlsəfəsindən irəli gəlir".

Əliməmməd Nuriyevin fikrincə, dövlət bu aktla cəmiyyətə mühüm bir mesaj verir: dövlətin gücü yalnız cəzada deyil, mərhəmət və ədalətdədir. Güclü dövlət bağışlamağı bacaran dövlətdir və bu yanaşma cinayət törətmiş şəxslərin də cəmiyyətin bir üzvü kimi islah olunmaq imkanının olduğunu göstərir.

 

Pərvanə Fərhadqızı

Seçilən
74
qht.az

1Mənbələr