Bakı, 18 dekabr, AZƏRTAC
Bakı Limanı regionun və Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əsas qovşaqlarından biri kimi ticarət və logistika xəritəsində xüsusi strateji mövqe tutur. Qlobal tədarük zəncirlərinin yenidən formalaşdığı bir dövrdə Orta Dəhliz Asiyadan Avropaya və əks istiqamətə ən təhlükəsiz, rahat, çevik və qısa tranzit marşrutu kimi əhəmiyyətini daha da artırıb.
AZƏRTAC xəbər verir ki, Bakı Limanının infrastruktur imkanları, texniki göstəriciləri və təcrübəli mütəxəssisləri sayəsində regionun logistikasının inkişafına böyük töhfə verir, regionda “Yaşıl Liman” (“EcoPort”) sertifikatına sahib ilk liman kimi əməliyyatları beynəlxalq ekoloji tələblərə uyğun təşkil edərək Orta Dəhliz üzrə daşımaların dayanıqlığını təmin edir.
Konteyner yükaşırmasının artım dinamikası bu nailiyyəti daha da əhəmiyyətli edir. Əgər 2020-ci ildə Bakı Limanı vasitəsilə 40 395 TEU konteyner daşınmışdısa, 2024-ci ildə 76 775 TEU konteyner daşınıb ki, bu da öz növbəsində 90 faiz və ya 1.9 dəfə artım deməkdir. Car ildə isə illik 100 000 TEU həddinin aşılması limanın konteyner əməliyyatlarının səmərəliliyini göstərir və növbəti il üçün daha yüksək proqnozlara əsas yaradır.
Bununla yanaşı, limanın ümumi yükaşırma nəticələrində də davamlı artım müşahidə edilir. Əgər Ələt qəsəbəsində müasir liman kompleksinin istifadəyə verildiyi 2018-ci ildə Bakı Limanı vasitəsilə 3 milyon 787 min ton yük aşırılmışdısa, cari ilin 11 ayı ərzində bu rəqəm 7 milyon 547 min tona yüksəlib.