AZ

VII Ümumbelarus Xalq Məclisinin ikinci iclası işinə başlayıb

Kiyev, 18 dekabr, AZƏRTAC

VII Ümumbelarus Xalq Məclisinin (ÜXM) ikinci iclası işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Prezident və ÜXM-in sədri Aleksandr Lukaşenkonun gəlişi ilə tədbir Belarusun dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Dekabrın 18-19-də keçiriləcək ÜXM-in növbəti iclasının ilk gününün əsas hadisəsi Prezidentin Belarus xalqına və parlamentinə müraciətidir.

ÜXM iclasının ikinci günündə Belarusun 2026-2030-cu illər üçün sosial və iqtisadi inkişaf proqramının nəzərdən keçirilməsi planlaşdırılır. Bu, nümayəndələr tərəfindən təsdiqlənəcək əsas sənəddir. Proqramı Baş nazir Aleksandr Turçin təqdim edəcək.

Proqram layihəsində bir neçə prioritet müəyyən edilib. Əsas prioritetlər insan inkişafı ilə bağlıdır: demoqrafik təhlükəsizlik, insan potensialının inkişafı, əlverişli və yüksək keyfiyyətli yaşayış mühitinin yaradılması. Növbəti prioritetlərə rəqabətin, texnologiyaların inkişafı, iqtisadiyyatın rəqəmsallaşdırılması daxildir. Bundan başqa, prioritetlər arasında güclü regionlar, müdafiə sektorunun inkişafı, ölkənin müdafiə qabiliyyətinin artırılması və turizm potensialı yer alıb.

ÜXM-in iclasında Konstitusiya və Ali məhkəmələrin kadr məsələləri, eləcə də tədbirin maliyyələşdirilməsi ilə bağlı məsələlər də nəzərdən keçiriləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

Seçilən
104
1
azertag.az

2Mənbələr