AZ

AMEA-da Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

Bakı, 18 dekabr, AZƏRTAC

Dekabrın 18-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinə həsr olunan elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, elmi sessiya Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə görkəmli yazıçının həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanışlıq olub.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli elmi sessiyanın Prezident İlham Əliyevin “Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 4 sentyabr tarixli Sərəncamına əsasən keçirildiyini bildirib.

Azərbaycan ədəbiyyatının özünəməxsus imzalarından biri, Səməd Vurğun ocağının davamçılarından olan Yusif Səmədoğlunun yaradıcılığı barədə məlumat verən akademik İsa Həbibbəyli bildirib ki, dərin ictimai-mənəvi məzmunlu əsərləri, hekayə və romanları ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60-70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri var. Yusif Səmədoğlunun azsaylı, dərin məzmunlu hekayələri Azərbaycan ədəbiyyatının nadir nümunələri sayılmağa layiqdir.

Akademik İsa Həbibbəyli Yusif Səmədoğlunun Azərbaycanda yeni tipli ədəbiyyatın yaradılmasının aparıcı simalarından biri olduğunu qeyd edib. O, Yusif Səmədoğlunun yaradıcılığında “Qətl günü” romanının xususi yer tutduğunu deyərək, Xalq yazıçısı Anarın bu əsəri “Azərbaycan ədəbiyyatında ədəbi hadisə” adlandırdığını vurğulayıb.

“Azərbaycan bədii nəsrində magik realizm istiqamətli əsərləri sadalayarkən Yusif Səmədoğlunun “Qətl günü” və “Deyilənlər gəldi başa” romanları ağla gələn ilk sərlövhələrdəndir”, - deyən akademik İsa Həbibbəyli yazıçının yaradıcılığında folklor, mif, tənhalıq və buna bənzər magik realizmlə bağlı məsələlərin ön planda dayandığını bildirib. O, Azərbaycanda magik realizmin ədəbi cərəyana çevrilməsində Xalq yazıçısı Yusif Səmədoğlunun yeni yanaşmalarının əhəmiyyətini qeyd edib.

AMEA rəhbəri çıxışında Yusif Səmədoğlunu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardan biri kimi xarakterizə edib, onun müstəqillik uğrunda mübarizədə vətəndaş-ziyalı mövqeyi ilə seçildiyini diqqətə çatdırıb. Bildirib ki, Yusif Səmədoğlu Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutaraq, həyata, gerçəkliyə fərqli münasibəti, dünyagörüşü, üslubu, düşüncə müxtəlifliyi ilə seçilib.

Sonra AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək görkəmli yazıçının Azərbaycan ədəbiyyatında xidmətlərindən, yaradıcılığının bəzi məqamlarından bəhs edib. Vurğulayıb ki, Yusif Səmədoğlu XX əsr Azərbaycan ziyalılığının ali keyfiyyətlərini öz şəxsiyyətində daşıyan, mənsub olduğu böyük bir nəsli təmsil edən istedadlı insan olub. O, həyatı boyu həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində durub, azadlıq, demokratiya, müstəqillik duyğusu ilə yaşayıb.

Xalq yazıçısı Anar Yusif Səmədoğlunun ilk iri həcmli “Qətl günü” romanını Azərbaycan ədəbiyyatının şah əsəri kimi dəyərləndirib. O, görkəmli yazıçı ilə birgə səfərlərindən, unudulmaz görüşlərindən, dostluq münasibətlərindən bəhs edib, onunla bağlı xatirələrini bölüşüb.

Daha sonra şair-publisist Azad Yaşar “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadənin “Yusif Səmədoğlu şəxsiyyəti xatirələr işığında” adlı məruzəsini təqdim edib.

Elmi sessiyada filologiya elmləri doktoru Vaqif Yusiflinin “Qətl günü”ndən əvvəl - hekayələri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlının “Azərbaycan romanının təkamül prosesində “Qətl günü” əsərinin rolu”, filologiya elmləri doktoru Cavanşir Yusiflinin “Yusif Səmədoğlu mətninin poetikası”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Gündəliklərdən görünən Yusif Səmədoğlu” və filologiya üzrə fəlsəfə doktoru Südabə Ağabalayevanın “Yusif Səmədoğlu yaradıcılığı milli yaddaş kontekstində” adlı məruzələri dinlənilib.

Tədbirdə, həmçinin filologiya elmləri doktoru Bahar Bərdəli görkəmli yazıçı ilə bağlı xatirələrini bölüşüb.

 

Seçilən
149
azertag.az

1Mənbələr