Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib -Foto
Dekabrın 18-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclası açan komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə iki məsələ daxil edilib. Əvvəlcə Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində , “Həmkarlar İttifaqları haqqında”, “Sosial siğorta haqqında”, “Bələdiyyələrin statusu haqqında” , “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən siğorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Bildirilib ki, layihə çərçivəsində Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər üç əsas istiqaməti əhatə edir və onların məqsədi əmək münasibətlərinin müasir tələblərə uyğun təkmilləşdirilməsi, çevik və sosialyönümlü hüquqi mexanizmlərin tətbiqi, beynəlxalq əmək standartlarına uyğunluğun təmin edilməsi, eləcə də normativ hüquqi aktların qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasıdır. Qanun layihəsinin ailə həyatı ilə peşə fəaliyyətinin uzlaşdırılmasına müsbət töhfə verəcəyi qeyd olunub.
Daha sonra gündəliyin növbəti məsələsinə - Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə ikinci oxunuşda baxılıb.
Qeyd edilib ki, qanun layihəsi dövlət qulluğu, vergi və sosial sığorta sahələrində hüquqi və sosial təminat mexanizmlərinin daha da təkmilləşdirilməsini hədəfləyir. Layihə dövlət qulluqçularının pensiya, müavinət və digər sosial hüquqlarının dəqiqləşdirilməsini, əvvəllər tənzimlənməyən münasibətlər üzrə hüquqi əsasların yaradılmasını, habelə gəlir vergisi və sosial sığorta ilə bağlı normaların aydınlaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, dəyişikliklər normativ hüquqi aktlar arasında uyğunluğun təmin edilməsinə xidmət edir.
Onlayn iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov çıxış edərək qanun layihəsi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətiriblər.
Sonda hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, üzvləri Jalə Əliyeva, Nigar Məmmədova, Sevinc Hüseynova, Səttar Möhbalıyev, Ziyad Səmədzadə, Əziz Ələkbərov, Soltan Məmmədov, Bədəl Bədəlov, Göydəniz Qəhrəmanov və digər rəsmi şəxslər iştirak ediblər.