ABŞ-də Alaska Airlines aviaşirkətinə məxsus təyyarənin sərnişini uçuş zamanı fövqəladə çıxış qapısını açmağa cəhd edib. Hadisə təyyarə təxminən 5 500 metr yüksəklikdə olarkən baş verib.
Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, sərnişinlərdən biri uçuş boyu bir neçə dəfə təyyarənin arxa qapısını açmağa cəhd göstərib. Şahidlərin sözlərinə görə, o, özünü qeyri-adekvat aparıb, titrəyib və narahatedici ifadələr səsləndirib.
İlkin ehtimallara görə, kişinin hallüsinasiyaları olub. O, “görünməz insanların” təyyarəni ələ keçirməyə çalışdığını, “qanadların yoxa çıxdığını” və “havalandırma dəliklərindən metamfetamin gəldiyini” iddia edib. Bundan əlavə, o, pəncərənin necə sındırılacağını soruşub, ətrafdakılara isə həddindən artıq dozada maddə qəbul etdiyini bildirib. Daha sonra naməlum bir həb udub və vəziyyəti daha da pisləşib.
Təyyarə 5 500 metr hündürlükdə olarkən pilot kabinəsində salondakı qapının açılmasına cəhd edildiyini göstərən xəbərdarlıq siqnalı yanıb. Üç sərnişin Fredericksi zərərsizləşdirərək uçuşun sonuna qədər saxlayıb. Ekipaj fövqəladə eniş etməyi planlaşdırsa da, sonda marşrutu dəyişməmək qərarı verilib.
Təyyarə yerə endikdən sonra sərnişin xəstəxanaya aparılıb. O, həkimlərə 9-10 gün ərzində spirtli içki qəbul etdiyini, reseptlə verilən trazodon dərmanından istifadə etdiyini və son iki ili xatırlamadığını bildirib.
Nuriyyə NATİQQIZI