AZ

"Ağıllı" işıqforlar tıxacları azaldacaq? - Ekspert açıqladı

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan "ağıllı işıqforlar" (adaptiv) quraşdırılıb.

Məlumata görə bu məqsədlə iki xarici ölkənin mütəxəssisləri birlikdə pilot layihəyə start veriblər. İlkin olaraq paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan və Məsud Davudoğlu küçələrinin kəsişməsində, 115 nömrəli tam orta məktəbin qarşısında (piyada işıqforu), həmçinin Cəfər Xəndan küçəsi ilə Əhməd Rəcəbli, Anar Şükürov, İbrahimpaşa Dadaşov, Şövkət Məmmədova və Əlişir Nəvai küçələrinin kəsişməsində quraşdırılan bu işıqforlar sınaq müddətində işə salınıb.

Bəs bu tipli işıqforlar nə qədər effektivdir? 

Nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı Day.Az-a bildirib ki, bu "ağıllı" işıqforlar adaptiv sistem kimi çalışır və bu, nəqliyyatın intellektual idarəetmə sisteminin əsas şərtlərindən biridir. Onun sözlərinə görə, uzun müddətdir Azərbaycanda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qurulub və onun effektiv fəaliyyəti gözlənilir. Təəssüf ki, əvvəlki qurumlar - keçmiş Nəqliyyat Nazirliyi və Bakı Nəqliyyat Agentliyi - bu sistemi səmərəli şəkildə istifadə edə bilməyiblər.

Ekspert qeyd edib ki, bu gün Daxili İşlər Nazirliyi bu istiqamətdə müəyyən addımlar atır və nəticə etibarilə bu cür intellektual idarəetmə sisteminin sıxlığın və tıxacın qarşısını almaq üçün əlverişli imkanlar yaradacağı gözlənilir. Çünki bu, özlüyündə çox vacib bir elementdir.

Elməddin Muradlı bildirib ki, günün müəyyən saatlarında hansısa istiqamətdə avtomobil axını artır, lakin mövcud işıqfor sistemi axının olmadığı ərazilərə üstünlük verə bilir. Adaptiv sistemlə işləyən işıqforlar isə bunu dərhal nəzərə alır və mərkəzə informasiya ötürməklə prosesi tam fərqli formada tənzimləyir. Yəni harada və hansı istiqamətdə daha çox nəqliyyat varsa, həmin istiqamət üçün yaşıl işıq daha uzun müddət yanır ki, avtomobil axını tənzimlənsin.

O vurğulayıb ki, hazırda bu sistem test rejimindədir, lakin yaxın vaxtlarda müsbət nəticələrini görmək mümkün olacaq. Düzgün və səmərəli istifadə edilərsə, bu sistemdən geniş şəkildə yararlanmaq olar və bu da indiki mərhələdə Bakı üçün olduqca vacibdir.

Ekspertin fikrincə, tıxac və sıxlıq məsələsi bu gün hər kəsi narahat edir və onun həlli yolları da ayrıca problemdir. Uzun müddət icra olunan, lakin səmərəsiz qalan layihələr nəticəsində insanlarda inamsız mühit formalaşıb və bir çoxları Bakının tıxac probleminin heç vaxt həll olunmayacağını düşünür. Halbuki bu cür ağıllı sistemlərlə problemi mərhələli şəkildə həll etmək mümkündür.

Elməddin Muradlı əlavə edib ki, nəticə etibarilə hər işıqforun, hər yol ayrıcının yanında bir nizamlayıcı qismində polis əməkdaşının dayanmasına ehtiyac qalmayacaq. Hazırda haradasa sıxlıq yaranan kimi ora əməkdaş göndərilir ki, prosesi tənzimləsin, çünki sürücülər yol ayrıcını keçmə qaydalarını pozurlar. Onun fikrincə, bu cür yanaşma ümumilikdə daha səmərəli olacaq və yaxşı nəticələr verəcək.

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
105
day.az

1Mənbələr