Böyük Britaniya sanksiya siyahısını genişləndirərək ora bir neçə Rusiya neft-qaz şirkətini daxil edib. Sanksiyalara “Tatneft” (MOEX: TATN), “Russneft”, “NNK-Oil” və “Russnefteqaz” məruz qalıb.
Ümumilikdə siyahıya 24 fiziki və hüquqi şəxs daxil edilib. Böyük Britaniya hökumətinin saytında dərc olunan bildirişə əsasən, sanksiya siyahısına həmçinin BƏƏ-də qeydiyyatdan keçmiş “Saphira Energy” şirkəti, eləcə də “Redwood Global Supply” və “Tejarinaft” treydinq şirkətləri salınıb.
Bu gün Avropa İttifaqı (Aİ) də Rusiya ilə bağlı sanksiya siyahısını genişləndirib. Məhdudiyyətlər Rusiyanın “kölgə donanması”na aid daha 41 gəmiyə şamil olunub.
Xatırladaq ki, Aİ oktyabr ayında 19-cu sanksiyalar paketini qəbul edib. Həmin paketə Rusiya bankları, kriptovalyuta birjaları, Hindistan və Çində fəaliyyət göstərən təşkilatlar daxil edilib. Eyni zamanda “Rosneft” və “Qazprom Neft” ilə bağlı əməliyyatlara qoyulan qadağalar sərtləşdirilib.