AZ

Kəramət Böyükçöl: Bunu eşidəndə ürəyimin ağrısı necə tutdusa...

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Tiktokda bir tikinti şirkətinin reklamı çıxdı qabağıma. Əlim dinc durmadı, əlaqə nömrəsinə yazdım. Dedilər, sabah səhər gəl, danışaq. Ev almaq-zad fikrim yox idi. Reklam məni həvəsləndirdi. Səhər açılan kimi durub getdim tikinti şirkətinin ofisinə. Dedim, mən kirayə qalıram. İstəyirəm daxili kreditlə özümə ev götürüm. Kirayəyə verdiyim pulu şirkətə ödəyim, amma bilim ki, ev axırda mənim olacaq. Yazdılar, pozdular, vurdular, çıxdılar, böldülər, axırda dedilər ki, sənə Yasamalda bir ev verə bilərik, ilkin ödəniş 25 min verməlisən, 20 il müddətində də ayda 1950 manat ödəyəcəksən.

Ürəyimdə yaşımın üstünə 20 il gələndən sonra gördüm ki, evin ödənişi ömrümlə bir yerdə qurtarır. Ürəyimdən nətər ağrı tutdusa, səhərdən bəri sol qolumun keyi hələ də açılmayıb.

Soruşdum ki, kupça var? Dedi, yox, kupça 7-8 ildən sonra olacaq. Dedim, tutaq ki, mən evin pulunu bir ilə bağladım, kupça ala bilməyəcəm? Şirkətin 70 yaşlı sahibi əlini üzünə vurub qayıdasan ki, şair, bunun ölmüşü haqqı narahat olma, 7-8 ildən sonra o kupçanı özüm öz əlimlə verəcəm sənə. İstədim deyəm ki, ağsaqqal, sənin heç 3 il ömrün qalmayıb… Demədim.

Qayıdanda yolda öz-özümə fikirləşdim ki, bu ölkədə həqiqətən heç nəyə etibar yoxdur. Tutaq ki, mən hardansa ilkin ödəniş tapıb özümə bir ev aldım, ayda da 1950 manat ödədim. Təsəvvür elədim ki, evin pəncərəsindən Yasamal qəbirstanlığına baxdığım yerdə AzTV-də xəbər gedir ki, sən demə, həmin tikinti şirkətinin sahibi Ramiz Mehdiyevin adamı imiş. Bina təcili sökülməlidir. Ordan ev alanların da hamısı vətən xainidirlər.

Ona görə də elə ən yaxşısı kirayədə qalmaqdır.

Kəramət Böyükçöl

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
icma.az

1Mənbələr