AZ

Zilanlı yenidən qurulur I FOTO

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Mahruzlu kəndinə yaxın məsafədə olan Zilanlı kəndi Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun sol tərəfində yerləşir.



180 hektar ərazidə inşası nəzərdə tutulan kəndin ilkin mərhələdə 44 hektarında 193 fərdi yaşayış evi tikilir. Hər yaşayış evi 12 sot həyətyanı sahədə inşa edilir və burada 1 təsərrüfat tikilisi də var. Kənddə qeyri-yaşayış binaları da inşa olunur. 264 şagird yerlik orta məktəb, 80 yerlik məktəbəqədər uşaq bağcası, inzibati bina və çoxfunksiyalı binada inşaat işləri davam etməkdədir. Tikinti işlərinin 80 faizi artıq başa çatıb.



Qeyd olunub ki, kənd əhalisinin alternativ enerjidən istifadə etməsi də nəzərə alınıb. Belə ki, yaşayış evlərinin damında Günəş panelləri quraşdırılır.



Hazırda evlərdə daxili mühəndis-kommunikasiya və bəzək işləri davam edir. Fərdi yaşayış evlərində kombi istilik sistemi quraşdırılır. Kənd Həkəri çayının sahilində yerləşdiyindən burada çay daşıqınlarının, yağış sularının idarə edilməsi üzrə layihələndirmə işləri də tamamlanıb. Kəndə sakinlərin köçü gələn il həyata keçiriləcək.



Qeyd edək ki, Qubadlı rayonunun Zilanlı kəndi Vətən müharibəsində - 2020-ci il oktyabrın 23-də işğaldan azad olunub.

AzVision.az
Seçilən
40
2
azvision.az

3Mənbələr