AZ

Azərbaycanda ətin bahalaşması davam edəcəkmi? - Ekspert açıqladı

Son dövrlər Azərbaycanda ətin qiymətində müşahidə olunan artım cəmiyyətin əsas müzakirə mövzularından birinə çevrilib. Bazarda baş verən bu bahalaşma qısa müddətli və birdəfəlik xarakter daşımır. Mütəxəssislər hesab edirlər ki, qiymət artımı bir sıra sistemli problemlərlə bağlıdır və yaxın zamanda ucuzlaşma gözlənilmir. Mövcud vəziyyət həm istehlakçıları, həm də istehsalçıları narahat edir.

Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Akif Nəsirli Missiya.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda ətin qiymətinin bahalaşması keçici artım deyil və bunun nə vaxta qədər davam edəcəyi konkret tarixlə müəyyən edilmir.

Onun sözlərinə görə, qiymətlərin uzun müddət yüksək qalmasının əsas səbəblərindən biri ölkədə iri və xırda buynuzlu heyvanların sayının azalmasıdır ki, bu da ət təklifini məhdudlaşdırır:

"Yoluxucu xəstəliklər və istehsal problemləri də heyvandarlığa mənfi təsir göstərir, nəticədə bazara çıxarılan ət məhsullarının həcmi azalır. Eyni zamanda tələb və təklif arasında tarazlığın pozulması qiymətlərin yüksək səviyyədə qalmasına səbəb olur. İdxal edilsə belə, idxal olunan məhsulların və xammalın maya dəyərinin artması daxili bazarda da qiymətlərə təsirsiz ötüşmür",- deyə ekspert vurğulayıb.

İqtisadçı əlavə edib ki, yaxın aylarda ciddi ucuzlaşma gözlənilmir, qiymətlər ya sabit qalacaq, ya da yüngül artım göstərə bilər.

"Uzunmüddətli perspektivdə isə ətin qiyməti təklif-tələb balansı, heyvandarlıq siyasəti, inflyasiya və idxal şərtlərindən asılı olacaq. Onun fikrincə, bazarda ciddi struktur dəyişiklikləri baş vermədiyi təqdirdə, ətin qiymətinin yüksək qalması mümkündür".

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
63
missiya.az

1Mənbələr