AZ

Litva İsveçdən CV90 MkIV piyada döyüş maşınları alır

Litva İsveç istehsalı olan 100 ədəd CV90 MkIV piyada döyüş maşını (PDM) satın alır.

Bu barədə “Poliqon” Litva Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Bildirilib ki, Litva digər beş NATO müttəfiqi ölkə ilə birlikdə İsveçin CV90 MkIV piyada döyüş maşınlarının alınması üzrə birgə satınalma proqramına qoşulur. Bu qərar Ltva Dövlət Müdafiə Şurası tərəfindən təsdiqlənib. Qərarda xüsusi olaraq texniki komponentlərin istehsalının və CV90 MkIV-lərin texniki xidmətinin Litva ərazisində həyata keçirilməsinin sonrakı satınalma müqavilələrinə daxil edilməsi öhdəliyinə diqqət yetirilib.

Litva digər beş NATO müttəfiqi ilə birlikdə CV90 satınalması üzrə Niyyət Bəyanatını hələ iyun ayında imzalayıb. Bundan sonra noyabrın sonlarında Helsinkidə Litva, Finlandiya, İsveç, Norveç, Estoniya və Niderlandın daxil olduğu “Nordic CV90 MkIV Piyada Döyüş Maşını” satınalma proqramı çərçivəsində texniki saziş imzalanıb. Bu saziş Litva üçün çoxmillətli satınalma prosesində mühüm mərhələ olub.

Texniki saziş əməkdaşlıq prinsipləri, texniki parametrlər və 2026-cı ilin əvvəlində imzalanması planlaşdırılan əsas müqaviləyə qədər həyata keçiriləcək razılaşdırılmış Fəaliyyət Planı üzrə konkret qaydaları müəyyən edir. CV90-ların Litvaya və proqramın digər iştirakçılarına 2028-ci ildən etibarən təhvil verilməsi planlaşdırılır.

CV90 MkIV, İsveçin “BAE Systems Hägglunds” şirkəti tərəfindən istehsal olunan piyada döyüş maşınının ən müasir konfiqurasiyasıdır. Heyət üçün daha təhlükəsiz olan PDM, inkişaf etmiş idarəetmə və silah sistemlərinə malikdir, eləcə də müxtəlif milli texnologiyalarla inteqrasiya üçün uyğundur.

Seçilən
25
poliqon.az

1Mənbələr