ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 18 dekabr, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunda Türkiyənin Hacəttəpə Universitetinin müəllimi, Türk Dil Qurumunun sabiq sədri professor Şükrü Haluk Akalının “100. Yılında 100 soruda Bakü Türkoloji Qurultayı” kitabının təqdimatı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, professor Şükrü Halukun faktlar, sənədlər, fotolar, rəsmi məlumatlar, xatirə və arxiv materialları əsasında hazırladığı kitab 1926-cı ildə Bakıda keçirilən və bütün Türk dünyasının mədəni-ictimai, siyasi tarixində mühüm bir hadisə kimi önəmli yer tutan qurultaya həsr olunub.
Tədbirdə Dilçilik İnstitutunun, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları ilə yanaşı, Qarabağ Universitetindən, Azərbaycan Dövlət Pedaqoji Universitetindən və Bakı Avrasiya Universitetindən gələn qonaqlar da iştirak ediblər.
İnstitutunn direktor müavini dosent Baba Məhərrəmov tədbiri açaraq kitab haqqında məlumat verib.
Sonra Türk dilləri şöbəsinin baş elmi işçiləri filologiya elmləri doktoru, dosent Qətibə Mahmudova, filologiya elmləri doktoru, dosent Qətibə Quliyeva öz tarixi missiyası və bu günümüzə ötürdüyü bəşəri çağırışları ilə əhəmiyyətli elmi-praktik, ideoloji tədbir olan I Türkoloji Qurultayının tarixindən bəhs edən kitabın məziyyətlərindən danışıblar. Kitabın həm Türk dünyası, həm də gələcək türkoloji araşdırmalar üçün əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, I Türkoloji Qurultayın həm ideoloji-tarixi kontekstinin, həm təşkilati və elmi-praktik detallarını sistemli şəkildə, original üslubda – sual-cavab formatında təqdim edilməsi kitaba sadəcə bir təsviri material kimi yox, konseptual yanaşmanı şərtləndirir.
Tədbirdə Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimov, ADPU-nun professoru Elman Quliyev, Dilçilik İnstitutunun elmi katibi filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva, Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova, Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov, Bakı Avrasiya Universitetinin müəllimi Kəmalə Ələkbərova qiymətli faktlarla zəngin olan kitabın tarixi-siyasi, eləcə də mənəvi dəyərindən söz açıb, uzun illərdir AMEA ilə elmi əməkdaşlıq edən professor Şükrü Haluk Akalına təşəkkür ediblər. Kitabdakı dəqiqlik baxımından əvəzsiz olan faktların, məlumatların gələcək araşdırmalara yol açdığı xüsusi qeyd olunub.
Tədbirdə çıxış edən müəllif məlumatların toplanması zamanı rastlaşdığı çətinliklərə, arxiv materiallarının və rəsmi faktların əldə edərkən yaşadığı əziyyətlərə baxmayaraq I Türkoloji Qurultayın pərdəarxası hadisələrini, gizli qalan məqamlarını açıqlayan belə bir kitabı ərsəyə gətirdiyi üçün qürur hissi keçirdiyini qeyd edib, göstərilən diqqətə görə institutun rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib.
-1 / 5
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.