AZ

Serbiya Prezidenti: “Tramp otelin tikintisinə mane olanlar cəzalandırılacaq”

Yazını böyüt
Yazını kiçilt

Serbiya Prezidenti Aleksandr Vuçiç ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin otel layihəsinin ləğvinə sərt reaksiya verib.

Hafta.az yazır ki, Vuçiçin fikrincə, Kuşnerin şirkətinin paytaxt Belqradda planlaşdırılan layihədən çıxması 750 milyon avro itkiyə səbəb olacaq: “Təəssüf ki, həm dövlət, həm də xalq böyük itki ilə üzləşib. Ən azı 750 milyon avroluq fövqəladə bir sərmayəni əldən verdik”.

Prezident təhdid dolu ifadələr işlədərək, layihəyə etiraz edənləri və ləğvə səbəb olan işi araşdıran prokurorları bu itkiyə görə məsuliyyət daşıdığını bildirib: “Etirazçılar və prokurorlar bizə ciddi iqtisadi ziyan vurublar. Şəxsən mən bu ziyana səbəb olan hər kəsin məsuliyyətə cəlb olunmasını təmin edəcəyəm”.

Vuçiç hökumət əleyhinə etirazları və layihə ilə bağlı hüquqi prosesi “cadugər ovu” adlandıraraq bildirib ki, o, bu sərmayənin məhvində rol oynayan polisdən tutmuş prokurorlara qədər hər kəsə qarşı cinayət işi qaldıracaq. Dövlət Prokurorluğu bazar ertəsi günü Kuşnerin layihəsi ilə əlaqədar mədəniyyət naziri Nikola Selakoviç də daxil olmaqla dörd nəfərə qarşı hazırladığı ittiham aktını açıqlayıb.

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Dövlət Prokurorluğunun saytında dərc olunan açıqlamada bildirilir ki, bu dörd şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıqda ittiham olunur.

Bundan sonra Kuşnerin Affinity Partners şirkəti Belqradın mərkəzindəki otel və mənzil kompleksi layihəsinin ləğvini elan edən bir bəyanat yayıb.

Kuşnerin iki ildən çoxdur üzərində işlədiyi layihənin 1999-cu il Kosovo müharibəsi zamanı NATO tərəfindən bombalanan ərazidə inşa edilməsi planlaşdırılırdı. Lüks otel Tramp brendini daşıyacağı üçün Respublikaçı liderin oğulları Erik və Donald Jr. tərəfindən idarə olunan Tramp Təşkilatı da layihədə iştirak edirdi. Lakin layihə ölkədə böyük mübahisələrə səbəb oldu, çünki o, bombalanmış Yuqoslaviya Xalq Ordusunun qərargahının yerləşdiyi xatirə ərazisində tikilməli idi.

Vuçiç ötən il ərazinin mədəni mühafizə statusunu ləğv etmişdi. Bundan əlavə, Kuşnerin Affinity Partners şirkəti ilə 99 illik icarə müqaviləsi imzalandı. Bu, ölkədə geniş etirazlara səbəb oldu.

Ötən ay Parlamentdə çoxluğa sahib olan Vuçiçin Serbiya Proqressiv Partiyası tikinti işlərinə yol açan qanun qəbul etdi. Hökumətin bu addımı müxalifət tərəfindən sərt tənqidə səbəb oldu. Sol mərkəzçi Azadlıq və Ədalət Partiyasından olan parlament üzvü Marinica Tepic hökuməti "Donald Trampı razı salmaq üçün ölkənin tarixini məhv etməkdə" günahlandırdı.

Seçilən
35
hafta.az

1Mənbələr