Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi – Yaradıcı Mərkəz rəqəmsal inkişaf və innovasiya sahəsində ölkənin nüfuzlu mükafatlarından biri olan “IDDA Awards” müsabiqəsində “İlin ekosistem oyunçusu” nominasiyası üzrə I yerə layiq görülüb.
Publika.az xəbər verir ki, innovasiya liderlərinin müsabiqəsi hesab olunan “IDDA Awards” İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təsis edilən və innovasiyalar sahəsində həyata keçirilən mükafatandırma mərasimidir.
Bu mükafat Yaradıcı Mərkəzin mədəni və yaradıcı sənayelər ekosisteminin formalaşdırılması, gənc istedadların dəstəklənməsi, startap mühitinin gücləndirilməsi və yaradıcı sahələrdə innovativ yanaşmaların tətbiqi istiqamətində gördüyü sistemli və davamlı fəaliyyətinə görə təqdim olunub.
“IDDA Awards” çərçivəsində əldə olunan bu mükafat Yaradıcı Mərkəzin yalnız layihə icraçısı deyil, eyni zamanda mədəni və yaradıcı sənayelər üzrə ekosistemi formalaşdıran aparıcı oyunçu kimi rolunu bir daha təsdiqləyir.
Yaradıcı Mərkəz gənc istedadların bilik və bacarıqlarının inkişaf etdirilməsi, startapların formalaşması və böyüməsi, yerli yaradıcı məhsul və xidmətlərin istehsalı və ixrac potensialının artırılması, eləcə də regionlardan olan gənclərin yaradıcı sahələrə cəlb edilməsi istiqamətində fəaliyyət göstərir. Mərkəzin açılışı 2024-cü ilin dekabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə baş tutub.