
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və “Skal İnternational Baku” turizm peşəkarları klubunun birgə təşkilatçılığı ilə Bakıda “İllik turizm dəyərləndirilməsi” adlı tədbir keçirilib.
“Qafqaz City Hotel”də baş tutan tədbirin əsas mövzusu “2025-ci ilin turizm dinamikası və 2026-cı ilə baxış” olub. Panel müzakirəsi zamanı Azərbaycanın turizm destinasiyası kimi rəqabətqabiliyyətli mövqeyinin gücləndirilməsi, dəyər əsaslı turizm məhsullarının yaradılması, eləcə də təchizat (tədarük) zəncirində innovativ yanaşmaların tətbiqi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, turizm assosiasiyaları, hotellər, turizm və aviaşirkətlər, sağlamlıq və termal turizm müəssisələri, eləcə də sahə üzrə ekspertlər iştirak edib. Müzakirələr zamanı 2025-ci ilin turizm nəticələri təhlil olunub, qlobal və regional trendlər fonunda Azərbaycanın turizm bazarındakı mövqeyi qiymətləndirilib və 2026-cı il üçün strateji prioritetlər müəyyənləşdirilib.
AHTTSA İdarə Heyətinin sədri Ruslan Quliyev bildirib ki, tədbirin əsas məqsədi turizm sənayesində innovasiya, davamlılıq və sektorlararası əməkdaşlığın gücləndirilməsi yolu ilə Azərbaycanın beynəlxalq turizm bazarında rəqabət üstünlüyünün artırılmasına töhfə verməkdir. AHTTSA və “Skal İnternational Baku” bu təşəbbüslə turizm ictimaiyyəti üçün açıq dialoq platforması yaradaraq dövlət-özəl sektor əməkdaşlığının dərinləşdirilməsini hədəfləyir.
Tədbirin açılışında çıxış edən “Skal İnternational Baku” klubunun prezidenti Ceyhun Aşurov bildirib ki, bu gün müzakirə edilən mövzu – 2025-ci ilin turizm dinamikası və 2026-cı ilə baxış təsadüfi seçilməyib. Turizm artıq ancaq səyahət deyil, məşğulluğun artmasını, iqtisadiyyatın, regionların inkişafını və ölkənin imicini formalaşdıran əsas aparıcı qüvvələrdən biridir: “Artıq 2025-ci ilin sonuna sayılı günlər qalıb. Bu il sektorumuz üçün sınaq ili oldu. Xüsusən xarici bazarlarla işləyən şirkətlər və hotellər bunu daha çox hiss etdilər. Turizm sektorunda əsas çağırışlar açıq şəkildə görünür. Bunlar ölkəmizə gəlişin (əlçatanlığın) bahalı hesab olunması, turizm məhsullarının (sağlamlıq, tibbi) hələ də standartlaşmış və fərqləndirilməmiş olması, regionlarda infrastruktur və insan resursları boşluğu, xidmət keyfiyyəti ilə gözlənti arasında uyğunsuzluq, mövsümsallıq və gəlir balansının zəif idarə olunması, rəqəmsallaşma və innovasiyaların praktik tətbiqinin zəifliyidir.
Bu məsələlər həll olunmadan rəqabətqabiliyyətli turizm destinasiyası yaratmaq çətindir.
2026-cı ilə gedən yolda fokuslanmalı olduğumuz bir neçə əsas istiqamət var ki, onları da burada qeyd etmək istəyirəm. Ilk növbədə ölkənin mövcud beynəlxalq hava limanlarının səmərəli işləməsi vacibdir. Yəni AZAL-ın çevik siyasəti ilə yanaşı, digər hava limanlarının ucuz hava daşıyıcıları ilə əməkdaşlığı şərtdir. Eyni zamanda keyfiyyət əsaslı turizm modeli yaradılmalı, regionların turizm üzrə ixtisaslaşması həyata keçirilməli, peşəkar kadr hazırlığı və təhsil-biznes inteqrasiyası, özəl sektor-dövlət-assosiasiya əməkdaşlığı gücləndirilməlidir.
“Skal İnternational Baku” olaraq biz qlobal təcrübəni yerli bazara gətirməyə çalışırıq, turizm liderləri arasında əməkdaşlığı gücləndiririk, etik, dayanıqlı və keyfiyyətli turizmi təşviq edirik. Bundan sonra da bu istiqamətdə dövlət və özəl sektorla əməkdaşlığa açığıq”.
Daha sonra “Qafqaz City Hotel”in baş direktoru Halil Duru, Turan Qastro Turizm Mərkəzinin həmtəsisçisi Doğan Tomris, “Baku Med Travel”ın təsisçisi, tibb və sağlamlıq turizmi üzrə ekspert Ariz Cəbrayılov, AJET Hava Yollarının Azərbaycan üzrə GSA təmsilçisi Zöhrab Məmmədov, “Aristokrat Travel” şirkətinin regional turizm operatoru Nizami Həsənov çıxış edərək rəqabətqabiliyyətli və dayanıqlı turizm məhsulunun yaradılması üçün lazım olan bütün imkanların Azərbaycanda mövcud olduğunu bildiriblər.
Qeyd edilib ki, turizm təkcə sektor deyil, həm də ortaq məsuliyyətdir. Bu məsuliyyəti bölüşməklə, həm sənaye, həm də cəmiyyət olaraq Azərbaycanın təhlükəsiz, keyfiyyətli və fərqli turizm destinasiyası kimi mövqeləndirilməsinə çalışmaqla ölkəni regionun aparıcı turizm destinasiyalarından birinə çevirmək mümkündür.
Tədbirin sonunda AHTTSA-nın yeni üzvlərinə sertifikatlar, əməkdaşlıq edən qurumlara təşəkkürnamələr və TQTA məzunlarına diplomlar təqdim edilib.
Fəxriyyə ABDULLAYEVA
![]()
![]()
![]()
![]()