Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 7-ci turundan təxirə salınmış oyun keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə oyununda A qrupunda yer almış “Şəki” və “Neftçi” komandaları üz-üzə gəliblər.
Şəki Olimpiya İdman Kompleksində baş tutmuş qarşılaşma qonaqlar üçün uğurlu alınıb. “Neftçi” bu oyunda 84:67 hesablı qələbəyə sevinib.
A qrupu: Abşeron Lions – 17. Sabah – 16. Gəncə – 12. Neftçi – 12. Şəki – 11. NTD – 10.
B qrupu: Ordu – 18. Naxçıvan – 16. Quba – 13. Lənkəran – 12. Sərhədçi – 11. Sumqayıt – 10.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
