AZ

Balıq kürüsü satışında nöqsanlar aşkarlanıb

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

“8-ci kilometr bazarı”nda balıq kürüsünün satışında ciddi nöqsanlar üzə çıxıb

Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 8-ci kilometr ərazisində fəaliyyət göstərən fiziki şəxs Fəxrəddin Əlipaşa oğlu Nəcəfova məxsus “Kəngərli” bazarında balıq kürüsü və diri balıq satışına nəzarət tədbirləri həyata keçirilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yoxlaması zamanı kürü məhsullarının üzərində etiket məlumatlarının mövcud olmadığı, yəni məhsulun və istehsalçının adı, istehsal və son istifadə tarixləri barədə məlumatların olmadığı müəyyən edilib.

AQTA-dan AYNA.AZ-a verilən məlumata görə, həmçinin bazarda satılan balıq və balıq kürüsünün keyfiyyətini və təhlükəsizliyini təsdiq edən baytarlıq və müşayiətedici sənədlər yoxlama zamanı təqdim olunmayıb. Müəyyən edilib ki, normativ tələblərə əsasən 0–2 °C temperaturda saxlanılmalı olan balıq kürüsü faktiki olaraq 9,3 °C temperaturda saxlanılaraq satışa çıxarılıb.

Bazarda digər satış məntəqələrinə də baxış zamanı diri balıqların saxlanıldığı su hovuzlarının sanitariya-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, ölü balıqların vaxtında hovuzlardan kənarlaşdırılmadığı, suyun çirkli, bulanıq və qoxulu olduğu müəyyən edilib.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib, balıq kürüsündən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmaların nəticələrinə əsasən, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

“Qeydə alınan nöqsanlar insan həyat və sağlamlığı ciddi risklər yaradır. Xüsusi riskli qida məhsullarının antisanitar və tələblərə uyğun olmayan şəraitdə satışı yolverilməzdir. Bazar sahibləri ərzaq bazarlarında təcili sağlamlaşdırıcı tədbirlər həyata keçirməlidirlər”, - deyə məlumatda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
17
ayna.az

10Mənbələr